27 nəfərin öldüyü qəzaya görə tutulan azərbaycanlılarla bağlı YENİ QƏRAR

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne sahillərində batan "FiloJet" sərnişin gəmisinin işi üzrə saxlanılan 9 nəfərin həbs müddəti daha bir həftə uzadılıb.

Evrensel.net xəbər verir ki, məhkəmə qarşısına çıxarılan şəxslər arasında gəmi şirkətinin direktoru, kapitanlar, mexaniklər və ekipaj üzvləri var. Onlar ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olmaqda ittiham olunurlar.

Məlumata görə, saxlanılanlar arasında Azərbaycan vətəndaşları Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümmətov da var.

Girne Məhkəməsində keçirilən iclasda polis əməkdaşı Mehmet Mannaş bildirib ki, gəminin səyahət məlumatlarını qeydə alan cihazındakı 59 günlük məlumatın deşifrə edilməsi başa çatıb. Qalan 9 günlük qeydlərin araşdırılmasından sonra bu istiqamətdə iş yekunlaşacaq.

O, həmçinin gəminin texniki vəziyyəti və istismarı ilə bağlı "Türk Loydu"ndan daxil olan 2 min səhifəlik sənədin araşdırılmasına başlanıldığını bildirib.

Məhkəmə 9 şübhəlinin həbs müddətinin daha bir həftə uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, "FiloJet" yüksək sürətli sərnişin gəmisi 30 avqust bazar günü günorta saatlarında Girne limanından Türkiyənin Mersin şəhərindəki Taşucu limanına doğru hərəkət edib. Limandan ayrıldıqdan qısa müddət sonra gəminin ön hissəsinə su dolmağa başlayıb. Gəmi limana qayıtmağa çalışarkən batıb.

Hadisə nəticəsində 27 nəfər həyatını itirib, daha bir nəfərin meyiti tapılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31