NATO Belarus sərhədi yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirəcək

Noyabrın 6-dan dekabrın 3-dək Litvada Belarusla sərhəd yaxınlığında iki hərbi təlim - "Freedom Shield 26-II" ("Azadlıq qalxanı 26-II") və "Grand Eagle 26" ("Böyük qartal 26") təlimləri keçiriləcək. Təlimlərdə 6 mindən çox hərbçinin iştirakı nəzərdə tutulur.

Bu barədə Litvanın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Bu təlimlər Almaniyanın 10-cu Tank Diviziyasının rəhbərliyi altında keçirilir. Diviziya tabeliyindəki briqadaların formalaşdırılmasından və tapşırıqları yerinə yetirməyə hazır vəziyyətə gətirilməsindən tutmuş bütün bölmələrin daimi dislokasiya yerlərinə qayıtmasına qədər onların idarə olunmasını təmin edəcək. Hər iki təlimin məqsədi bölmələrin döyüş hazırlığını gücləndirmək, komandanlıq və idarəetmə prosedurlarını, əməliyyat planlaşdırmasını təkmilləşdirmək, eləcə də NATO müttəfiqləri Litva və Polşa arasında qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaqdır", - deyə nazirliyin məlumatında bildirilir.

Təlimlərdə Almaniyanın 10-cu Tank Diviziyasının tərkibindəki 45-ci "Lietuva" Zirehli Briqadasının və 37-ci "Saksoniya" Mexanikləşdirilmiş Piyada Briqadasının 6 mindən çox hərbçisi iştirak edəcək.

Bundan başqa, Litvada yerləşən NATO-nun Çoxmillətli Döyüş Briqadasının Almaniya, Niderland, Norveç, Çexiya, Xorvatiya, Belçika və Lüksemburqdan olan hərbçiləri, həmçinin Litva ordusunun bölmələri də təlimlərə qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31