Hörmüz böhranı: Azərbaycan əlavə neft gəlirləri əldə edə bilər, amma risklər də var-ÖZƏL
15:03 Siyasət" Hörmüz boğazı dünya enerji bazarının ən strateji nəqliyyat marşrutlarından biridir. Dünya üzrə dəniz yolu ilə daşınan neftin və LNG-nin əhəmiyyətli hissəsi bu boğazdan keçir. Buna görə də neft daşımalarının kəskin azalması qlobal bazarda təklifin daralması, qiymətlərin yüksəlməsi və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artması ilə nəticələnə bilər. Əgər bu vəziyyət uzun müddət davam edərsə, neftin qiymətində ciddi artım baş verə bilər. Bu isə yalnız yanacağın deyil, daşınma, istehsal və ərzaq məhsullarının da bahalaşmasına səbəb ola bilər. Çünki enerji xərclərinin artması demək olar ki, bütün iqtisadi sahələrə təsir göstərir. Eyni zamanda, neftin bahalaşması inflyasiyanı sürətləndirə, mərkəzi bankların faiz siyasətinə təsir edə və dünya iqtisadiyyatının artım tempini zəiflədə bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
" Azərbaycan üçün bu vəziyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Neftin dünya bazarında bahalaşması ölkənin ixrac gəlirlərini və dövlət büdcəsinə daxilolmaları artıra bilər. Bu, xüsusilə neft gəlirlərinin büdcə və tədiyə balansında mühüm yer tutduğu Azərbaycan kimi ölkələr üçün əhəmiyyətlidir. Lakin qiymət artımından əldə ediləcək əlavə gəlirin həcmi hasilatın səviyyəsindən, ixrac imkanlarından və neftin dünya bazarında hansı qiymətə satılmasından asılı olacaq. Yəni neftin bahalaşması avtomatik olaraq gəlirlərin eyni nisbətdə artması demək deyil.
Digər tərəfdən, Hörmüz boğazında yaranan böhran dünya iqtisadiyyatında inflyasiyanı gücləndirərsə, Azərbaycana idxal olunan malların, avadanlıqların, ərzaq məhsullarının və digər məhsulların qiymətləri də arta bilər. Bu halda neft satışından əldə edilən əlavə gəlirlərin bir hissəsi idxal xərclərinin yüksəlməsi hesabına itirilə bilər. Yanacaq qiymətlərinə gəlincə, Azərbaycanda daxili qiymətlər dünya bazarındakı dəyişiklikləri avtomatik şəkildə təkrarlamır və onların dəyişməsi müvafiq dövlət qərarlarından da asılıdır. Buna görə də dünya bazarında neftin bahalaşması ölkə daxilində benzinin və dizelin qiymətinin mütləq artacağı anlamına gəlmir.
Əsas məsələ böhranın nə qədər davam edəcəyidir. Daşımalar qısa müddətdə bərpa olunarsa, qiymətlərdəki artım müvəqqəti xarakter daşıya bilər. Məhdudiyyətlər uzun müddət davam edərsə, Azərbaycan əlavə neft gəlirləri əldə etsə belə, qlobal inflyasiya, idxal xərclərinin artması və dünya iqtisadiyyatının zəifləməsi ilə bağlı risklərlə üzləşə bilər. Buna görə də ölkə üçün əsas məqsəd yaranmış qiymət üstünlüyündən səmərəli istifadə etmək, əlavə gəlirləri iqtisadiyyatın dayanıqlığının gücləndirilməsinə yönəltmək və neftdən asılılığı azaltmaq olmalıdır".
Zeynəb Mustafazadə