Qırğızıstan "Qazprom"a sərt xəbərdarlıq edib
21:31 DünyaQırğızıstan Prezidenti Sadır Japarov Rusiya şirkəti "Qazprom" respublikanın qazlaşdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, ölkənin qaz infrastrukturunu yenidən dövlət nəzarətinə qaytaracağı ilə hədələyib.
Bu barədə "Fargana" məlumat yayıb.
Japarov xatırladıb ki, 2013-cü ildə Qırğızıstanın qaz sistemi simvolik olaraq 1 dollara "Qazprom"a satılıb.
"Razılaşmada "Qazprom"un bütün ölkənin qazlaşdırılması üçün vəsait ayırmalı olduğunu nəzərdə tutan bəndlər var. Lakin bu öhdəliklər indiyədək yerinə yetirilməyib. Artıq iki-üç ildir deyirəm ki, bunu etməsəniz, "Kumtor" kimi geri qaytaracağam və işi özüm görəcəyəm", - deyə prezident bildirib.
"Qazprom Qırğızıstan" şirkətində gecikmələri qaz kəmərinin ötürücülük qabiliyyətinin məhdud olması və infrastrukturun modernləşdirilməsinə ehtiyacla izah ediblər. Şirkətin məlumatına görə, 2030-cu ilədək ölkədə qazlaşdırma səviyyəsinin 60 faizə çatdırılması planlaşdırılır.