Erməni cəmiyyəti revanşist qüvvələrə etimad göstərmədi- ÖZƏL

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri göstərir ki, baş nazir Nikol Paşinyan növbəti dəfə hakimiyyətdə qalmağı bacarıb. Hakim "Vətəndaş Müqaviləsi" Partiyası təxminən 51 faiz səslə birinci olub və hökuməti formalaşdırmaq hüququ əldə edib. İlk baxışdan bu nəticə Paşinyanın qələbəsi kimi görünür. Lakin rəqəmlərin arxasında gizlənən siyasi reallıq tamamilə fərqlidir.
Əslində Paşinyan seçkidə qalib gəlsə də, siyasi baxımdan əvvəlkindən daha zəif vəziyyətə düşüb. Paşinyan İkinci Qarabağ savaşından sonra 2021-ci ildə  keçirilən  parlament seçkilərində 72 mandat əldə etmişdi və Ermənistanın siyasi sistemində faktiki olaraq rəqibsiz mövqeyə malik idi. Müxalifət isə ümumlikdə 36  deputat yeri qazanmışdı. "Ermənistan" bloku 29 səs, Serj Sərkisyan və Artur Vanesyanaın lideri olduğu "Mənim şərəfim" bloku 7 yer qazanmışdı.
Bu gün isə vəziyyət dəyişib. İlkin nəticələrə görə, 7 iyunda keçirilən seçkilərdən sonra mandatlar aşağıdakı kimi paylanır:  Hakim "Vətəndaş Müqaviləsi" Partyası - 61 mandat; Samvel Karapertyanın lideri olduğu "Güclü Ermənistan" bloku - 28 mandat; Robert Köçəryanaın lideri olduğu "Ermənistan" bloku - 11 mandat; iş adamı Qaqik Tsarukyanın lideri olduğu "Çiçəklənən Ermənistan"  Partiyası isə - 5 mandat.  Ümumilikdə müxalifət 44 yer qazanıb. 
Beləliklə, hakim partiya parlamentdə sadə çoxluğa malik olsa da, ölkənin gələcəyini müəyyən edəcək strateji qərarları təkbaşına qəbul etmək imkanından xeyli uzaqdır. 
Ən mühüm məqam isə budur ki, Paşinyan konstitusion çoxluq əldə edə bilməyib. Seçkidən əvvəl həm Ermənistanın daxili siyasi gündəmində, həm də Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ Konstitusiya islahatı idi. Çünki Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir. 
Bu vəziyyətdə müxalifət parçalanmış olsa da, parlamentdə daha geniş təmsilçilik qazanıb və hakimiyyətin qərarlarına təsir göstərə biləcək imkanlar əldə edib. Bu isə Paşinyanın qarşıdakı beş ildə əvvəlki kimi rahat manevr edə bilməyəcəyini göstərir.
Seçkilərin ən diqqətçəkən tərəfi erməni cəmiyyətinin növbəti dəfə revanşist qüvvələrə tam etimad göstərməməsi oldu. Ermənistan seçicisi yenidən müharibə ritorikasını deyil, sülh və sabitlik vədlərini üstün tutdu. Ancaq burada vacib bir məqam var: Paşinyana verilən səs onun siyasətinə sonsuz etimad deyil, alternativlərin zəifliyinin nəticəsidir.
Çünki Ermənistan cəmiyyəti yaxşı anlayır ki, ölkə iqtisadi, siyasi və təhlükəsizlik baxımından dərin böhran içərisindədir. Regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda İrəvanın əvvəlki siyasətlə davam etməsi mümkün deyil. Məhz buna görə seçici Paşinyanı seçdi. Lakin bu, ona ağ vərəq vermək anlamına gəlmir.
Paşinyanın qarşısında duran əsas məsələ hökumət qurmaq deyil. O bunu artıq edib. Əsas məsələ Azərbaycanla yekun sülh sazişinə nail olmaqdır.
Burada isə Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklər ortaya çıxır.
Bu günə qədər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. İrəvan müxtəlif bəyanatlar versə də, hüquqi müstəvidə heç bir ciddi dəyişiklik etməyib. Konstitusiya islahatı ilə bağlı konkret mexanizm və ya tarix yoxdur.
Eyni vəziyyət Zəngəzur istiqamətində kommunikasiya xətlərinin açılması məsələsində də müşahidə olunur. İllərdir bu mövzu gündəmdə olsa da, ortada nə yekun razılaşdırılmış layihə, nə hüquqi mexanizm, nə də icra planı var. Yəni Ermənistanın sülh gündəliyi daha çox bəyanatlar üzərində qurulub, praktik addımlar isə son dərəcə məhduddur.
Məhz buna görə Paşinyanın sülhə nə qədər sadiq olduğunu seçkilərdəki qələbəsi deyil, seçkilərdən sonrakı addımları göstərəcək.
Digər tərəfdən, seçkilərin nəticələri Moskva üçün də müəyyən imkanlar yaradıb. Kremlin əsas məqsədi regionda təsir imkanlarını qorumaqdır. Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanması isə Rusiyanın Cənubi Qafqazdakı ən mühüm təsir alətlərindən birinin zəifləməsi deməkdir.
Bu səbəbdən Moskva seçkidə qalib gəlməsə də, tam  da məğlub olmayıb. Əksinə, parlamentdə təmsil olunan müxalif qüvvələr vasitəsilə sülh prosesinə təsir göstərmək imkanlarını saxlayıb. Xüsusilə Robert Köçəryan və Samvel Karapetyan ətrafında formalaşan siyasi düşərgələr gələcəkdə Paşinyanın hər addımını daxildən təzyiq altında saxlamağa çalışacaqlar.
Seçkilərin ən vacib nəticələrindən biri də budur ki, Paşinyan artıq əvvəlki kimi siyasi monopoliyaya malik deyil. O, hökuməti formalaşdıra bilər, lakin Ermənistanın gələcəyini müəyyən edəcək strateji qərarları qəbul etmək üçün ciddi müqavimətlə üzləşəcək.
Əgər Paşinyan Konstitusiyanın dəyişdirilməsi, Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində real addımlar atarsa, həm parlamentdə, həm küçədə, həm də xarici təsir mərkəzləri tərəfindən ciddi təzyiqlərlə üzləşəcək.
Əgər bu addımları atmazsa, onda Ermənistan yenidən geosiyasi qeyri-müəyyənlik, iqtisadi durğunluq və təhlükəsizlik riskləri içərisində qalacaq.
Başqa sözlə, Paşinyan seçkini qazanıb, amma əsas döyüşü hələ başlamayıb.
Bu gün Ermənistan parlamentində rəqəmlər sadəcə mandat bölgüsü deyil, həm də geosiyasi qüvvələr nisbətidir.
Bu seçkinin əsas nəticəsi hakimiyyət dəyişikliyi deyil. Əsas nəticə ondan ibarətdir ki, Ermənistan cəmiyyəti Paşinyana sonuncu böyük siyasi şansı verib. Bu şansın məqsədi hakimiyyəti qorumaq deyil, ölkəni regional təcriddən çıxarmaq, Azərbaycanla münasibətləri normallaşdırmaq və yeni geosiyasi reallığa uyğunlaşdırmaqdır.
Əgər Paşinyan bu mandatdan istifadə edə bilməsə, növbəti seçkilərdə onun qarşısında təkcə Köçəryan və ya digər müxalif qüvvələr deyil, nəticə görmək istəyən və artıq gözləməkdən yorulan Ermənistan cəmiyyəti dayanacaq. Bu baxımdan 2026-cı il seçkiləri Paşinyanın qələbəsi kimi yox, onun siyasi taleyini müəyyən edəcək son mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Amma onu da unutmaq lazım deyil ki, Paşinyan verdiyi vədin üzərində duracaq, ya yox?  Moskva ilə hər hansı bir anlaşma içərisindədirmi?  Pərdəarxası hər hansı bir oyunu varmı? Bunu zaman göstərəcək.  Çünki Ermənistan bu gün rusiyadan iqtisadi, təhlükəsizlik baxımdan hələ də Rusiyadan çox asılı vəziyyətdədir.  Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur, ölkədə rus hərbi bazası mövcuddur.  Enerji sektoru, dəmiryolu  və digər strateji iqtisadi sektor Moskvanın nəzarətindədir.
Təbii ki, Bakı və Ankara üçün bu seçki  bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı və Ankara  bölgədə dayanqılı sülh və əməkdaşılıq üçün ilkin real addımlar atsa da, ehtiyatı əldən vermir. Çünki hələ də İrəvanın verdiyi  bəyanatları  yekun sülh üçün yetərli  saymır. Yekun sülüh üçünsə şərtlər bəllidir.   İndi top irəvanın meydanındadır. Bakı  cavab reaksiyanı gözləyəcək.    İrəvan sülhdə maraqlıdırsa, o zaman real addımlar atmalıdır. Bakı isə istənilən varianta hazırdır.
 
Mürtəza Bünyadlı
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31