Zelenski, Putin və Tramp eyni masada görüşə bilərmi? - ÖZƏL

"Şübhəsiz ki, bu görüşlərin keçirilməsi Ukraynada müharibəni bitirmək üçün xoş niyyətin olduğunu göstərir. Aydındır ki, Zelenski də müharibənin əbədi davam etməsinin tərəfdarı ola bilməz, Rusiya da bunun tərəfdarı deyil. Bu gün bütün tərəflər müharibədən çıxış yolları axtarır, onun sülhlə əvəz olunması üçün müəyyən addımlar atmağa çalışırlar."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Mayamidə üçtərəfli görüşün keçirilməsi də Zelenskinin sülhə can atdığını göstərən əlamətlərdən biridir. Amma sözün açığı, orada üçtərəfli formatda, yəni Zelenski, Putin və Trampın iştirakı ilə görüşün keçiriləcəyini qəti şəkildə ehtimal etmirəm. Ona görə ki, cəmi bir gün əvvəl Zelenski BMT tribunasından Rusiyanı və Putini dünya miqyasında "bir nömrəli xəstə" adlandırıbsa, bu, ən azı tərəflər arasında birbaşa danışıqlar aparmağa imkan verən münasibətlərin formalaşmadığını göstərir.

Üstəlik, iki dövlət arasında həlli olduqca mürəkkəb olan, kritik mərhələyə gəlib çatmış iqtisadi, siyasi və diplomatik problemlər var. Şəxsi münasibətlərin də qarşılıqlı dərin antipatiya üzərində qurulması üçtərəfli görüşün baş tutması ehtimalının çox aşağı olduğunu deməyə əsas verir. Hətta belə bir görüşün yaxın perspektivdə baş tutması real görünmür.

Trampın mövqeyinə gəldikdə isə, o, indiki şəraitdə daha çox Ukraynaya təsir göstərmək və Ukraynanı Rusiya üçün əlverişli şərtlərlə sülh sazişi imzalamağa məcbur etmək istiqamətində mövqe nümayiş etdirir. Buna görə də Trampın vasitəçiliyinin bu məsələdə yaxın zamanda konkret nəticə verəcəyini düşünmürəm.

Ona görə hesab edirəm ki, Zelenski, Putin və Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi üçün siyasi şərait hələ yetişməyib."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31