Sülhdən sonra Ermənistan-Rusiya münasibətləri necə dəyişəcək?- ÖZƏL
14:17 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülhün bərqərar olunmasından sonra Ermənistan-Rusiya münasibətlərində transformasiya baş verəcək. O qeyd edib ki, əvvəl ikitərəfli əlaqələrin böyük hissəsi təhlükəsizlik məsələlərinə yönəlsə də, indi İrəvan Moskva ilə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir.
Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Ermənistan-Rusiya münasibətlərinin xarakterinə hansı dəyişiklikləri gətirə bilər? Paşinyanın Moskva ilə əməkdaşlığı dərinləşdirmək barədə açıqlaması Ermənistanın Qərb və Rusiya arasında balanslaşdırma siyasətinə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Nikol Paşinyanın Rusiya mətbuatına verdiyi müsahibədə Rusiya ilə bundan sonrakı münasibətləri balanslaşdırmaq və növbəti mərhələni möhkəmləndirməklə bağlı verdiyi açıqlamanı kifayət qədər rasional açıqlama hesab edirəm. O qeyd edir ki, son dövrə qədər Rusiya ilə münasibətlərdə əsasən təhlükəsizlik ön planda dururdusa, Azərbaycanla münasibətlərin normallaşması və sülhün əldə edilməsindən sonra Rusiya siyasətində transformasiya ola bilər. Ermənistan artıq təhlükəsizliyi ilə bağlı məsələləri şaxələndirir. Digər ölkələrlə də müdafiə və digər sahələrdə əməkdaşlıq etməyə başlayır. Artıq Ermənistan ordusunun hazırlığına digər ölkələr cəlb olunub. Ermənistanın hərbi cəhətdən inkişafında digər ölkələrin rolu güclənib. Rusiyanın rolu 90 faizdən 10 faizə enib. Paşinyan qeyd edir ki, artıq bölgədə ciddi təhlükəsizlik problemləri qalmayıb. Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesi yekun mərhələdədir. Türkiyə və digər ölkələrlə münasibətlər normallaşır. Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra Türkiyə ilə sərhədlər açılacaq. Beləliklə, bu, Ermənistanın xeyrinə olacaq.Rusiya ilə münasibətlər artıq təhlükəsizlik və hərbi əməkdaşlıqdan çox, ticarət, iqtisadi, humanitar, mədəni və logistika istiqamətinə yönələcək. Bu da hər iki tərəfin maraqlarına uyğun olacaq.
Hesab edirəm ki, Ermənistan baş naziri balanslı siyasət həyata keçirməklə yalnız Rusiyadan asılılığı azaltmaqla yanaşı, digər güc mərkəzləri ilə əməkdaşlıq etmək məqsədindədir. Bu istiqamətdə fəaliyyət davam edir.
Bunun necə nəticələnəcəyini isə gələcəkdə görəcəyik".
Zeynəb Mustafazadə