Azərbaycanın yeni sənaye modeli: Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı artır – ÖZƏL

"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın qeyri-neft sektorunun inkişafında yeni mərhələnin konturlarını müəyyənləşdirir. Burada söhbət sadəcə yeni yataqların istismara verilməsindən getmir. Əsas məqsəd Azərbaycanın təbii resurslarını xammal kimi çıxarıb satmaq deyil, həmin xammalı ölkə daxilində emal etməklə daha yüksək əlavə dəyər yaratmaqdır. Dövlət Proqramının əsas fəlsəfəsi də məhz bundan ibarətdir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, 2027-2030-cu illərdə bu sahəyə 5,3 milyard manat investisiyanın yönəldilməsi nəzərdə tutulur. Bu, qeyri-neft sektorunun strukturunda ciddi dəyişiklik yarada bilər. Çünki dağ-mədən və metallurgiya yalnız hasilat sənayesi deyil. Burada mədənçiliklə yanaşı, emal, metallurgiya, logistika, nəqliyyat, enerji, xidmət və digər əlaqəli sahələr də inkişaf edir. Yəni bir layihənin ətrafında bütöv iqtisadi zəncir formalaşır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni sənaye istiqamətinin yaradılması, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması əsas nəticələr sırasında olacaq. Proqramın hədəflərinə görə, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 1,8 milyard manata, illik ixrac potensialının isə 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Məsələnin digər mühüm tərəfi məşğulluqdur. Beş mindən artıq daimi iş yerinin yaradılması, xüsusilə regionlar üçün mühüm sosial-iqtisadi nəticədir. Çünki bu iş yerləri yalnız ayrı-ayrı insanların məşğulluğu demək deyil. Yeni müəssisələr yarandıqca həmin ərazilərdə xidmət sektoru, nəqliyyat, ticarət, podratçı şirkətlər və digər biznes istiqamətləri də canlanacaq. Beləliklə, birbaşa iş yerləri ilə yanaşı, dolayı məşğulluq imkanlarının da artması gözlənilir.

"Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bu prosesdə mühüm yer tutması diqqət çəkir. Yeni sənaye layihələri həmin ərazilərdə iqtisadi fəallığın və məşğulluğun artmasına, Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının daha da möhkəmlənməsinə xidmət edə bilər. Dövlət Proqramında bu istiqamətdə geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur. Hesab edirəm ki, burada ən vacib məqam Azərbaycanın öz resurslarından daha yüksək iqtisadi dəyər əldə etməsidir. Yəni "çıxar və sat" modelindən "çıxar, emal et, əlavə dəyər yarat və ixrac et" modelinə keçid sürətlənir. Bu isə Azərbaycanın qeyri-neft sektorunun həm şaxələnməsinə, həm sənaye potensialının genişlənməsinə, həm də regional iqtisadi inkişafın sürətlənməsinə ciddi təsir göstərə bilər. Əslində, dağ-mədən və metallurgiya sənayesinin inkişafı qarşıdakı illərdə ölkənin yeni sənaye xəritəsinin formalaşmasına xidmət edən əsas istiqamətlərdən birinə çevrilir", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31