Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində "Kərkük folkloru: ortaq musiqi yaddaşı və gələcək nəsillərə ötürülməsi" mövzusunda seminar-dərs keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "İz - Mədəniyyətin İnkişafına Dəstək" İctimai Birliyinin həyata keçirdiyi "Kərkükdən gələn səs: Unudulmuş nəğmələrin bərpası" layihəsi çərçivəsində təşkil olunan seminar-dərsin əsas məqsədi Kərkük türkmənlərinin zəngin folklor və musiqi irsini gənc nəslə tanıtmaq, ortaq mədəni dəyərlərimizə marağı artırmaq və bu irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırmaq olub.

Tədbirdə "İz - Mədəniyyətin İnkişafına Dəstək" İctimai Birliyinin sədri və layihə rəhbəri Fəridə Mirişova, Respublikanın Əməkdar artisti, xanəndə Fərqanə Qasımova, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, musiqişünas alim Əminə Məmmədova iştirak ediblər.

Seminar-dərs zamanı Kərkük türkmənlərinin folklor ənənələri, musiqi mədəniyyəti, xalq mahnıları və aşıq yaradıcılığı, eləcə də bu irsin Azərbaycan musiqi ənənələri ilə səsləşən cəhətləri ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda Kərkük musiqisinin tarixi-mədəni xüsusiyyətləri, nəsildən-nəslə ötürülən ifaçılıq ənənələri və folklor nümunələrinin yaşadılması məsələlərinə toxunulub. Bildirilib ki, Azərbaycan və Kərkük türkmənlərinin dil, musiqi və folklor yaxınlığı ortaq tarixi-mədəni yaddaşın mühüm göstəricilərindəndir.

Tədbirin xüsusi əhəmiyyət daşıyan məqamlarından biri tələbələrin bu mövzuya cəlb edilməsi olub. Gənclərin iştirakı ilə keçirilən müzakirələrdə milli və ortaq türk musiqi irsinin öyrənilməsi, qorunması və müasir dövrdə təbliği məsələləri diqqət mərkəzində saxlanılıb.

Seminar-dərs iştirakçılara Kərkük musiqi irsini yalnız tarixi-mədəni nümunə kimi deyil, həm də bu gün yaşadılması və gələcək nəsillərə ötürülməsi vacib olan mənəvi sərvət kimi dərk etmək imkanı yaradıb.

Qeyd edək ki, "Kərkükdən gələn səs: Unudulmuş nəğmələrin bərpası" layihəsi Azərbaycan və Kərkük türkmənlərinin ortaq musiqi-mədəni irsinin araşdırılması, tanıdılması və yaşadılmasına xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31