TRIPP layihəsi İranın planlarını poza bilər: Regionda nələr baş verir? – ÖZƏL

"TRIPP layihəsini İranın özünə təhdid hesab etdiyini müşahidə edirik. TRIPP layihəsi Orta Dəhlizin alternativ marşrutlarından biridir. Orta Dəhlizin əsas istiqamətlərindən biri Qazaxıstan üzərindən keçir, İran ərazisindən keçən marşrut isə bu nəqliyyat xəttinin alternativ seqmentlərindən biri ola bilər. Bu baxımdan, məsələ İran üçün müəyyən mənada həyati əhəmiyyət daşıyır. Lakin Orta Dəhlizin geniş şəkildə fəaliyyətə başlaması və yükdaşımaların həcminin artması daha böyük əhəmiyyət kəsb edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçinin sözlərinə görə, bu marşrutun genişlənməsi yükdaşımalar üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda, İran ərazisindən keçən yüklərin həcminin azalmasına da səbəb ola bilər. Çünki İran da tranzit ölkə kimi mövcuddur və müxtəlif istiqamətlərə gedən nəqliyyat yollarının bir qismi onun ərazisindən keçir. Bu baxımdan, İranın məsələyə logistika sahəsində rəqabət elementi kimi yanaşması mümkündür. Lakin bütün bu marşrutlarda Ermənistanın da iştirak etmək hüququ var. İranın maraqları olduğu kimi, Ermənistanın və Azərbaycanın da öz maraqları mövcuddur. Hər şey yalnız İranın arzularına və istəklərinə uyğun şəkildə qurulmamalıdır. Ermənistan da müstəqil dövlət kimi müəyyən logistika layihələrində iştirak etmək hüququna və imkanlarına malikdir. İranın bu məsələyə qarşı çıxması, əlbəttə, müəyyən mənada başadüşüləndir. Çünki bu layihə regiondakı bir sıra dövlətlərin maraqlarına uyğun gəlməyə bilər. Bununla belə, layihə çərçivəsində İranın da müəyyən maraqlarının təmin olunması mümkündür. Digər tərəfdən, ABŞ-nin regiona gəlməsi və burada sərmayə qoyması məsələsi də gündəmdədir. Lakin bu, mütləq şəkildə regiona silahlı qüvvələrin və ya hərbi kontingentin gətirilməsi demək deyil. ABŞ-nin İranın ətrafındakı bir sıra ölkələrdə, Türkiyədə və Körfəz ölkələrində mövcudluğu var. Yəni ABŞ və İran uzun müddətdir ki, regionda müəyyən mənada yanaşı mövcud olublar. Buna görə də burada qeyri-adi bir vəziyyətin yaranmasından söhbət getmir. Bu məsələdə İran, ola bilsin ki, daha çox Türk dünyasının birləşməsi perspektivini və bunun nəticəsində regionda yarana biləcək yeni geosiyasi reallıqları nəzərə alır. Eyni zamanda, Cənubi Qafqaz üzərində İranın və Rusiyanın təsir imkanlarının zəifləməsi riskini də görür.

"İran, əlbəttə, imkan daxilində müəyyən addımlarla narahatlığını ifadə etməyə, digər tərəfləri çəkindirməyə çalışa bilər. Hərbi qarşıdurmanın genişlənməsi halında isə İranın regiondakı türk dövlətlərinə qarşı təzyiq göstərməsi ehtimalı da tamamilə istisna edilə bilməz. Xüsusilə dövlətlərin öz maraqları naminə gözlənilməz addımlar atması halları mövcuddur. İranın davranışlarına, eləcə də regiondakı kürd qruplarının fəaliyyətinə nəzər salsaq, Cənubi Qafqazda da müəyyən gərginlik ocağının yaradılması ehtimalını mümkün ssenarilərdən biri kimi qiymətləndirə bilərik. Lakin bütün bu məsələlərdə Rusiyanın da Cənubi Qafqazda öz maraqları var. İran və Rusiyanın regionda gərginliyin artmasına nə dərəcədə imkan verəcəyi də mühüm məsələdir. Eyni zamanda, onların razılaşdırılmış şəkildə hərəkət etməsi ehtimalı da mövcuddur. Hətta Cənubi Qafqazın Rusiya və İran arasında yenidən bölüşdürülməsi kimi ssenarilər də gündəmə gələ bilər. Əlbəttə, bunlar kifayət qədər mürəkkəb məsələlərdir. Çünki regionda digər böyük güclərin də maraqları mövcuddur. Bütün bunları nəzərə alsaq, qarşıda müəyyən risklərin olduğunu görə bilərik", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31