Qızıldan metallurgiyaya: dağ-mədən sənayesində yeni inkişaf mərhələsi- ÖZƏL

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxış edib. Ölkə başçısı bildirib ki, dağ-mədən sənayesinin inkişafı hesabına 5 mindən çox yeni və daimi iş yerinin açılması planlaşdırılır. Prezident vurğulayıb ki, maliyyətutumlu olmasına baxmayaraq, bu sahə qeyri-neft sektorunun inkişafı üçün böyük perspektivə malikdir. Dövlət başçısının sözlərinə görə, təbii resurslardan səmərəli istifadə olunması və tam istehsal zəncirinin qurulması ölkə iqtisadiyyatını daha da gücləndirəcək.

Dağ-mədən sənayesinə yatırılan yüksək investisiyalar ölkənin qeyri-neft sektorunu necə dəyişəcək? Nəzərdə tutulan 5 min daimi iş yeri regional məşğulluğun artırılmasına necə təsir edəcək?

Mövzu ilə  bağlı iqtisadçı-ekspert Allahverdi Aydın Olaylar.az-a açıqlama verib:

" Bildiyimiz kimi, Dövlət Proqramında nəzərdə tutulub ki, 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sektoruna 5,3 milyard manat investisiya qoyulsun. Bunun 1,1 milyard manatı dövlət büdcəsi, 2,2 milyard manatı dövlət müəssisələri, 2 milyard manatı isə özəl sektorun payına düşəcək. Yəni investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən gəlməlidir. Bu rəqəm kifayət qədər böyük məbləğdir. Orta hesabla ildə təxminən 1,3 milyard manatlıq investisiya deməkdir.
Proqrama görə 2030-cu ilədək bu sektorun illik ixrac potensialı 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılmalıdır. Əgər bu reallaşarsa dağ-mədən sektoru Azərbaycanın qeyri-neft sənayesində ayrıca böyük ixrac istiqamətinə çevrilə bilər.
Onu da qeyd edim ki, burada artıq müəyyən baza mövcuddur. Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı təxminən 3,6 milyard dollar olub. Həmin ixracda ən böyük pay da elə dağ-mədən sənayesinin payına düşüb. İl ərzində xaricə təxminən 326 milyon dollarlıq qızıl ixrac olunub. Yəni qızılın dəyəri ümumi qeyri-neft-qaz ixracının təxminən 9 faizinə bərabər olub.
Bu, çox vacib göstəricidir. Çünki Azərbaycanda qeyri-neft ixracının əsas məhsulları arasında qızılın artıq birinci yerdə olması göstərir ki, dağ-mədən sektorunun ixrac potensialı sadəcə nəzəri məsələ deyil, hazırda da real ixrac gəliri yaradan sahədir.
Üstəlik, Dövlət Proqramı çərçivəsində yeni yataqlarda hasilatın artırılması planlaşdırılır. Qızıldan başqa
mis, sink və qurğuşun resurslarının da hasilata cəlb edilməsi planlaşdırılır. Deməli, söhbət artıq yalnız qızıldan getmir. Qarşıda qızıl, mis, sink, qurğuşun, dəmir və alüminiumu əhatə edən daha geniş metallurgiya zəncirinin formalaşdırılması planı dayanır.
Bu səbəbdən 5 mindən çox iş yerini yalnız "5 min nəfər maaş alacaq" kimi qiymətləndirmək düzgün olmaz. Mədən və metallurgiya müəssisələrinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların ətrafında logistika, nəqliyyat, tikinti, texniki xidmət, avadanlıq təchizatı, iaşə, təhlükəsizlik və digər xidmətlərə də tələbat yaranır.
Məsələn, bir mədən müəssisəsi fəaliyyətə başlayanda onun yalnız öz əməkdaşları deyil, yerli podratçılar, nəqliyyat şirkətləri, təchizatçılar və xidmət göstərən kiçik sahibkarlar da bu iqtisadi fəaliyyətdən gəlir əldə edə bilirlər.
Xüsusilə Kəlbəcər, Ağdərə, Zəngilan kimi işğaldan azad olunan ərazilərdə mineral yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi regionların iqtisadi aktivliyi baxımından əhəmiyyətlidir.
Digər tərəfdən, burada müəyyən risklər də var ki, ona da mütləq diqqət etmək lazımdır. Bildiyimiz kimi, dağ-mədən sektoru metal qiymətlərindən ciddi şəkildə asılıdır. Məsələn, qızıl və misin dünya qiymətlərində kəskin dəyişikliklər layihələrin gəlirliliyinə təsir göstərə bilər. Buna görə uzunmüddətli iqtisadi nəticə üçün yalnız hasilatın artırılması deyil, emal gücünü və daha yüksək əlavə dəyərli məhsul istehsalının artırılması daha vacibdir. Yəni, bu sahədən real iqtisadi effekt o zaman əldə oluna bilər ki, xammallın böyük hissəsi ölkə daxilində emal edilmiş olsun".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31