Təbii resurslardan səmərəli istifadə dövlət siyasətinin mühüm istiqamətlərindəndir- ÖZƏL

"Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun imkanlarının genişləndirilməsi və təbii resurslardan daha səmərəli istifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramının qəbul edilməsi ölkənin sənaye potensialının genişləndirilməsi xüsusunda mühüm mərhələdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Dövlət başçısının çıxışında dağ-mədən və metallurgiya sahəsinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün perspektivli istiqamət olduğu vurğulanıb. Burada əsas məqsəd yalnız mövcud yataqların istismarı ilə kifayətlənmək deyil, xammalın hasilatından emalına, oradan isə son məhsula qədər uzanan tam istehsal zəncirinin formalaşdırılmasıdır. Belə yanaşma təbii sərvətlərin iqtisadi dövriyyəyə daha yüksək əlavə dəyərlə cəlb olunmasına, yeni istehsal sahələrinin yaranmasına və sənaye potensialının genişlənməsinə imkan verəcəkdir.

Proqramın miqyası da qarşıya qoyulan hədəflərin kifayət qədər böyük olduğunun göstəricisidir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır. Bunun təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşması nəzərdə tutulur. Bu göstəricilər yeni sənaye imkanlarının yaradılması ilə yanaşı, investisiya mühitinin də genişləndirilməsini nəzərdə tutur. Dövlət maliyyə təminatını öz üzərinə götürməklə yanaşı, yerli və xarici investorların iştirakı üçün də imkan yaradır. Proqramın icrası hər bir halda təmin ediləcək, investorların marağı isə əlavə imkanlar yaradacaq. Bu yanaşma dövlətin strateji sahələrdə təşəbbüskar mövqeyini qoruması ilə özəl kapitalın imkanlarından səmərəli istifadəni bir araya gətirir.

Sənayenin yeni mərhələsinin əsas istiqamətlərindən biri "Daşkəsən" layihəsidir. Burada illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması, bunun mühüm hissəsinin ixrac potensialının formalaşdırılması nəzərdə tutulur. "Filizçay" polimetal yatağının istismara hazırlanması isə mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə imkan verəcək. "Söyüdlü" yatağında qızılın emalı, alüminium istehsalının genişləndirilməsi və digər layihələr də metallurgiya zəncirinin müxtəlif həlqələrini tamamlayacaq. Xüsusilə "Filizçay" yatağı ilə bağlı yanaşma diqqət çəkir. Prezident İlham Əliyev bu yatağın ölkə üçün mühüm iqtisadi potensial daşıdığını qeyd edərək onun istismara hazırlanması prosesinin sürətləndirilməsinin vacibliyini bildirib. Yatağın tam gücü ilə istifadəyə verilməsi gələcəkdə həm ixrac imkanlarının genişlənməsinə, həm də yeni emal sahələrinin yaranmasına şərait yarada bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31