İrəvanın ikili oyunu: Revanşizm ritorikası sülh prosesini təhlükəyə atır – ÖZƏL

Azərbaycan tərəfi "Sülh körpüsü" təşəbbüsü çərçivəsində iki ölkə ekspertlərinin Ermənistanda keçirilməsi planlaşdırılan növbəti görüşünü təxirə salıb. Məlumata görə, qərara Ermənistan cəmiyyətində Azərbaycan əleyhinə artan ritorika və ölkəyə qarşı aparıldığı bildirilən informasiya kampaniyası səbəb olub. Bakıdakı mənbələr Ermənistanın bəzi dövlət qurumlarının Azərbaycana qarşı ərazi iddiaları və suverenliyə müdaxilə cəhdlərini dəstəklədiyini iddia edir. Bu şəraitdə Azərbaycan tərəfi görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bu qərar müvəqqəti taktiki addımdır, yoxsa danışıqlarda daha ciddi siyasi mesajdır? Ermənistan daxilindəki anti-Azərbaycan ritorikası rəsmi İrəvanın mövqeyini nə dərəcədə əks etdirir? 

"Rəsmi Bakının Azərbaycan və Ermənistan ekspertlərinin təmsil olunduğu "Sülh körpüsü"nün növbəti toplantısını təxirə salması tamamilə başa düşülən addımdır və eyni zamanda vaxtında atılmış, qətiyyətli, prinsipial mövqeyə bağlı addımdır. Çünki son vaxtlar Ermənistanda Azərbaycana qarşı aqressiv və revanşist mövqenin ön plana çıxmağa başladığı görünür. Ermənistanda revanşistlərin yenidən fəallaşdığı müşahidə olunur və eyni zamanda bu prosesdə Paşinyan hakimiyyətinin bəzi təmsilçilərinin də iştirak etməsi barədə məlumatlar mövcuddur. Ən ciddi məsələ də məhz budur. Çünki Paşinyan hakimiyyəti Azərbaycanın sülh prosesinin inkişaf etdirilməsində maraqlı olduğunu hər imkanda bəyan edir. Hətta bu istiqamətdə müəyyən addımlar atmağa çalışdığını da göstərməyə cəhd göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ancaq son baş verənlər belə düşünməyə əsas verir ki, rəsmi İrəvanın Azərbaycanla sülh məsələsindəki mövqeyi müəyyən mənada manipulyasiya məhsulu da olmuş ola bilər. Çünki əks halda Azərbaycanla sülh gündəliyini sona qədər müdafiə etmək niyyətində olan Paşinyan hakimiyyətinin bəzi təmsilçilərinin revanşist mövqedən çıxış etməyə meyil göstərməsi anlaşılmazdır. Buna baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistanın siyasi elitasının təmsilçiləri mütləq aydınlıq gətirməlidirlər. Əks halda, iki tərəf arasında son vaxtlar yaranmaqda olan etimad mühitinin yenidən pozulması ehtimalı qətiyyən istisna deyil. Bu mühit hələ yalnız başlanğıc mərhələsindədir. Əgər rəsmi İrəvan bu mühitin davamlı olmasına nail olmazsa, o zaman yaxın gələcəkdə növbəti ziddiyyətlər mərhələsinin başlaya biləcəyi də qətiyyən istisna deyil. Bu baxımdan hesab etmək olar ki, hakimiyyətdə və yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, erməni zehniyyəti dəyişməz olaraq qalır. Müəyyən məqamlarda bəzi istisnalar etməyə çalışırlar, ancaq situasiyanın Ermənistan üçün sərfəli ola biləcəyini hiss etdikləri anda ermənilər dərhal yenidən ərazi iddialarını, suverenliyə qəsdi və eyni zamanda ənənəvi, xəyali ideyaları gündəmə gətirirlər. Bu da onu göstərir ki, Azərbaycan dövləti həmişə hazır olmalıdır və Ermənistana heç vaxt güvənməməlidir. Çünki Ermənistan güvənməyin mümkün olmadığı bir ölkədir.

"Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, hazırda baş verənlər Ermənistan hökumətinin rəsmi mövqeyi kimi təqdim olunmasa da, hər halda Paşinyan hakimiyyətinin təmsilçilərinin də bu baş verənlərin iştirakçıları olduqları üçün hesab etmək olar ki, müəyyən mənada Azərbaycana qarşı revanşist ritorikanı paylaşırlar", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31