Enerji və nəqliyyat təhlükəsizliyi Türk Dövlətləri Təşkilatının strateji prioritetlərindən biri kimi- ÖZƏL
21 Sentyabr 15:07 SiyasətMüasir beynəlxalq münasibətlər sistemində enerji və nəqliyyat təhlükəsizliyi dövlətlərin iqtisadi inkişafına, regional sabitliyə və beynəlxalq əlaqələrin davamlılığına birbaşa təsir göstərən mühüm amillər sırasında yer alır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi xüsusi strateji əhəmiyyət daşıyır.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin coğrafi mövqeyi, zəngin enerji resursları və mühüm nəqliyyat marşrutları üzərində yerləşməsi bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Təşkilatın rəsmi sənədlərində enerji əməkdaşlığının əsas prioritetlərdən biri olduğu qeyd edilir. Enerji resurslarının istehsalı, nəqli, ixracı, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi ümumi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Nəqliyyat sahəsində isə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu marşrutun səmərəliliyinin artırılması Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan arasında ticarət və logistika əlaqələrinin genişlənməsinə imkan verir. Nəqliyyat prosedurlarının rəqəmsallaşdırılması, elektron icazə sistemlərinin tətbiqi, dəmir yolu və dəniz əlaqələrinin inkişaf etdirilməsi də bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdəndir.
Azərbaycanın enerji və nəqliyyat imkanları Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, Xəzər üzərindən tranzit imkanlarının genişləndirilməsi və Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafı region ölkələrinin qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə şərait yaradır.
Enerji və nəqliyyat sahələrində koordinasiyanın gücləndirilməsi yalnız iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələr türk dövlətlərinin mövcud potensialından səmərəli istifadəyə və uzunmüddətli regional əməkdaşlığın inkişafına mühüm zəmin yaradır.
Niftiyev Nizami
Suraxanı rayon 196 saylı tam orta ümumtəhsil məktəbinin direktoru