Mahirə Hüseynova: Qərbi Azərbaycan mövzusu universitetlərin seçmə fənn blokuna daxil edilib

Qərbi Azərbaycanla bağlı elm və tədris istiqamətində həyata keçirilən işlər genişləndirilib. Bu mövzu artıq bir sıra ali təhsil müəssisələrinin seçmə fənn blokuna daxil edilib.

AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Qadınlar Şurasının İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" mövzusunda I beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, son illərdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanın folkloru və toponimikası ilə bağlı seçmə fənlər tədris olunur və bu proses artıq iki ildən çoxdur davam edir: "Bu gün həmin ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusunda dərs vəsaitləri və dərsliklər hazırlanıb və tədris prosesində istifadə olunur. Bu, çox mühüm addımdır. Çünki biz gənc nəslə Qərbi Azərbaycanın tarixi, coğrafiyası və zəngin folkloru haqqında dərin biliklər verməliyik. Deportasiya və tarixi yaddaş mövzularını əhatə edən hekayə və şeirlər müxtəlif ölkələrdə, o cümlədən Orta Asiya dövlətlərində, Tatarıstanda və Rusiyada çap olunur".

Mahirə Hüseynova qeyd edib ki, son illərdə Qərbi Azərbaycanla bağlı beynəlxalq elmi konfransların keçirilməsi ənənəyə çevrilib və bu tədbirlərdə tarixçilər, hüquqşünaslar və tədqiqatçılar geniş elmi müzakirələr aparırlar: "Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcmasının birgə təşkil etdiyi olimpiadalar vasitəsilə orta məktəb şagirdlərinin də bu mövzu üzrə maarifləndirilməsi təmin olunur və on minlərlə şagird bu prosesə cəlb edilib. Ali təhsil müəssisələrində Qərbi Azərbaycan Araşdırma mərkəzlərinin yaradılması vacibdir. Bu mərkəzlər arxiv materialları ilə işləməyə, elmi tədqiqatları genişləndirməyə və koordinasiyalı fəaliyyətə imkan yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31