.Yaxın gələcəkdə təbii qaz sahəsində də əməkdaşlıq mexanizmləri formalaşacaq- ÖZƏL

"Müasir dövrdə enerji təhlükəsizliyi qlobal gündəliyin əsas mövzularından biridir. Dünyanın müxtəlif bölgələrində baş verən geosiyasi hadisələr enerji təchizatının etibarlılığını daha da ön plana çıxarır. Belə şəraitdə Azərbaycan etibarlı tərəfdaş və məsuliyyətli enerji təchizatçısı kimi xüsusi əhəmiyyət daşıyır. Son onilliklər ərzində həyata keçirilən irimiqyaslı layihələr bu sahədə möhkəm infrastruktur formalaşdırıb. Bakı-Supsa kəməri isə Xəzər neftinin Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasına imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər hövzəsini Aralıq dənizi ilə birləşdirən ilk strateji enerji marşrutu oldu. Daha sonra Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin reallaşdırılması ilə 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi sistemi yaradıldı. Bu gün həmin sistem Avropanın enerji təhlükəsizliyinin əsas komponentlərindən biri kimi çıxış edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında diqqət çəkən mühüm məqamlardan biri də qaz ixrac coğrafiyasının genişlənməsi olub: "Bir il əvvəl Azərbaycan qazını 12 ölkə alırdısa, hazırda bu rəqəm 16-ya yüksəlib. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji xəritəsində tutduğu strateji mövqenin göstəricisidir. Hazırda bir sıra Avropa dövlətləri enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan qazına xüsusi önəm verir. Gələcəkdə "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi, "Abşeron" yatağı və digər perspektivli layihələr hesabına hasilatın daha da artırılması nəzərdə tutulur. Bu amillər həm ixrac imkanlarının genişlənməsinə, həm də qlobal enerji təhlükəsizliyinə verilən töhfənin artmasına şərait yaradacaqdır.
Azərbaycan bu gün yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit ölkədir. Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaş dövlətlərlə əməkdaşlıq regionun enerji və nəqliyyat imkanlarını daha da genişləndirir. Hazırda Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisi vasitəsilə beynəlxalq bazarlara çıxarılır. Bu əməkdaşlıq Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Yaxın gələcəkdə təbii qaz sahəsində də analoji əməkdaşlıq mexanizmlərinin formalaşması mümkündür. Bu amil ölkəmizin Avrasiya enerji məkanında strateji əhəmiyyətini daha da artıracaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31