Əkin dövriyyəsinə əlavə torpaq sahələri cəlb ediləcək- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 08 aprel 2026-cı il tarixdə imzalanan Fərmana əsasən "Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"yə və "Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi"nə edilən dəyişikliklər ölkəmizdə təbii sərvətlərin idarə olunması və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində institusional yanaşmanın daha da təkmilləşdirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilməlidir".Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib:"Qəbul olunan qərarlar bir tərəfdən iqtisadi fəaliyyətin, xüsusilə faydalı qazıntıların işlənilməsi və kənd təsərrüfatı dövriyyəsinin genişləndirilməsi kimi strateji istiqamətlərin dəstəklənməsini təmin edir, digər tərəfdən isə bu proseslərin ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməsinə zəmanət yaradır. Bu davamlı inkişaf prinsiplərinin qorunması baxımından son dərəcə vacibdir.

Torpaq kateqoriyalarının dəyişdirilməsi, xüsusilə meşə fondu torpaqları ilə bağlı məsələlərdə rəyvermə mexanizminin daha da dəqiqləşdirilməsi qərarların daha əsaslı, şəffaf və məsuliyyətli şəkildə qəbuluna imkan verəcək. Eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb olunması imkanlarının genişləndirilməsi bu sahədə dövlət siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin səlahiyyətlərinin konkretləşdirilməsi isə ekoloji qiymətləndirmə prosesinin institusional gücünü artırmaqla yanaşı, təbii sərvətlərin istismarı zamanı ekoloji tarazlığın qorunmasına əlavə təminat yaradır.

Hesab edirəm ki, həyata keçirilən bu dəyişikliklər iqtisadi inkişafla ekoloji təhlükəsizlik arasında balansın daha effektiv qurulmasına, qərarvermə prosesində peşəkarlığın və məsuliyyətin artırılmasına xidmət edir. Bu yanaşma həm təbii sərvətlərimizin səmərəli istifadəsinə, həm də ətraf mühitin qorunmasına yönəlmiş dövlət siyasətinin məntiqi davamı kimi mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31