Sahibə Qafarova Litvanın Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb. Olaylar xəbər verir ki, görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Litva Baş nazirinin ölkəmizə rəsmi səfəri iki dövlət arasında mövcud olan səmimi münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsi niyyətinin göstəricisidir.
Milli Məclisin sədri qonağı parlamentdə salamlamaqdan məmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycan və Litva arasında tarixən formalaşmış əlaqələr və xalqlar arasında dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. 
Söhbət zamanı ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib. 
Spiker Sahibə Qafarova ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratdığını qeyd edərək, müqavilə-hüquq bazasının daha da  genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Söhbətdə iqtisadi və ticarət əlaqələrinin mövcud potensiala uyğun inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə əlavə imkanların mövcud olduğu vurğulanıb. 
Humanitar sahədə əməkdaşlıqdan danışan Milli Məclisin sədri təhsil və mədəniyyət sahəsində əlaqələrinin xalqlar arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib. Hazırda Litva ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığı və qarşılıqlı mədəni tədbirlərin keçirildiyi məmnuniyyətlə qeyd olunub.
Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunulub. Qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin qanunverici orqanlar arasında dialoqun inkişafına töhfə verdiyi vurğulanıb. Parlamentlərin profil komitələri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb. 
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene səmimi qəbula görə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyən qonaq, mövcud geniş imkanları qeyd edərək iqtisadiyyat, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. 
Litva parlamentində Azərbaycanla dostluq qrupunun üzvü olduğunu bildirən qonaq, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin roluna toxunaraq, işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyətini vurğulayıb. 
Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.
Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31