Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdikləri nümayəndə heyətlərini salamlayan spiker Sahibə Qafarova Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq, deyib ki, ölkələrimiz və xalqlarımız arasında olan münasibətlərin daha da gücləndirilməsinə yönəlmiş addımlar da Prezident İlham Əliyevin bu fikrini əks etdirir.
Söhbət zamanı vurğulanıb ki, bu münasibətlər xalqlarımızın təmsilçiləri olaraq, parlamentlər səviyyəsində də uğurla davam etdirilir və qanunvericilik orqanlarımızın həm ikitərəfli əsasda, həm də üçtərəfli formatda əməkdaşlıq etdikləri qeyd olunub. Bu mənada Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üçtərəfli formatının əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatı çərçivəsində keçirilən mütəmadi görüşlərin parlamentlərarası əməkdaşlığın inkişafına, ortaq maraqların müdafiəsinə və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova qeyd edib ki, üçtərəfli format çərçivəsində iki gün ərzində Bakıda aparılacaq müzakirələr parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirərək, Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərin parlament müstəvisində də davam etdirilməsinin vacibliyini bildirərək, üçtərəfli formatda əlaqələrin daha da genşləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.








