Azərbaycan-Gürcüstan: siyasi dialoq, iqtisadi tərəqqi və strateji əməkdaşlıq
18:17 SiyasətAprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri iki qardaş ölkə arasında strateji əməkdaşlıq perspektivlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində mətbuata verdiyi bəyanatda dövlətimizin başçısı əsrlər boyu gürcü və Azərbaycan xalqlarının dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayıb. Gürcüstanda mövcud olan əlverişli sərmayə iqlimi həm yerli, həm də xarici investorlar, o cümlədən Azərbaycan sərmayədarları üçün cəlbedici şərait yaradır. Ötən il Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 800 milyon dolları ötüb və 2026-cı ilin ilk rübündə də əhəmiyyətli artım müşahidə olunub. Hazırkı temp nəzərə alınaraq, ilin sonuna qədər ticarət dövriyyəsinin bir milyard dollara çatacağı gözlənilir. Azərbaycan tərəfi indiyədək Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırıb və gələcəkdə yeni birgə layihələr üçün əməkdaşlıq perspektivləri nəzərdə tutulub. Milli Məclisin deputatı Nurlan Həsənovun sözlərinə görə, Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatlarda qeyd edib ki, biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Bu yanaşma ikitərəfli əlaqələri möhkəmləndirir, eyni zamanda regionda beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri hər iki tərəf üçün dəyişməzdir. Həmin faktor regional təhlükəsizlik və davamlı sülhün təmin olunmasında mühüm rol oynayır: "Səfər çərçivəsində Azərbaycan Prezidenti Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara da toxunub. Hər iki dövlətin birgə təşəbbüsləri inteqrasiyanı təşviq edir, təhlükəsizliyi möhkəmləndirir. Yeni layihələr və qarşılıqlı əməkdaşlıq təşəbbüsləri etimadı gücləndirir, uzunmüddətli perspektivlər üçün möhkəm zəmin yaradır. Bununla yanaşı, iki ölkə arasında strateji əməkdaşlıq regional iqtisadi inkişafı sürətləndirir və investorlar üçün əlverişli mühit yaradır. Eyni zamanda, davamlı siyasi dialoq qarşılıqlı anlaşmanı möhkəmləndirir və hər iki tərəfin maraqlarını qoruyur. Bu əməkdaşlıq modeli digər qonşu dövlətlər üçün də nümunəvi istiqamət təşkil edir.
Azərbaycan energetika sahəsində uzun illər ərzində regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Bu gün Azərbaycan qazının ixracı əsasən Gürcüstan vasitəsilə həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq 20 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi isə regional enerji layihələrinə əlavə imkanlar yaradır. Eyni zamanda, hər iki ölkədən keçən Orta Dəhliz strateji nəqliyyat marşrutu kimi fəaliyyət göstərir.
Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıq yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Təhsil, mədəniyyət, turizm və innovasiya sahələrində aparılan birgə layihələr də əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Bu təşəbbüslər gənc nəsillərin əlaqələrinin möhkəmləndirilməsinə, həmçinin xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun inkişafına imkan yaradır".
O, qeyd edib ki, regional nəqliyyat və enerji infrastrukturunun gücləndirilməsi, habelə birgə investisiya layihələrinin həyata keçirilməsi Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır: "Bu amillər Azərbaycan və Gürcüstanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir, regionda davamlı sabitlik və təhlükəsizliyə töhfə verir. Uzunmüddətli layihələr və strateji təşəbbüslər regionun sülh və tərəqqi mərkəzinə çevrilməsinə xidmət edir. Beləliklə, Azərbaycan və Gürcüstanın ikitərəfli gündəliyi genişdir və zaman keçdikcə daha da zənginləşir. Yeni layihələr, təşəbbüslər və qarşılıqlı səylər nəticəsində əməkdaşlıq daha da dərinləşir. İki dövlətin münasibətləri qarşılıqlı etimad əsasında qurulub və bütün qonşular üçün nümunədir".
"Azərbaycan uğurlu xarici siyasət həyata keçirir. Bu siyasətin nəticəsində qonşu ölkələrlə də münasibətlərimiz arzuolunan səviyyədədir. Bu baxımdan, Azərbaycanla Gürcüstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Gürcüstan mehriban qonşu, dost və strateji tərəfdaş ölkələrdir. Ölkəmizin qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir".
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla Gürcüstanı təkcə siyasi-iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir: "İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri də ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin göstəricisidir. Səfər çərçivəsində iki ölkənin rəhbərləri ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib. Eyni zamanda, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu da vurğulanıb".
Millət vəkilinin sözlərinə görə, səfər zamanı Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təkbətək və geniş tərkibli görüşü olub: "Mətbuata bəyanat zamanı gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da inamla inkişaf edəcəyinə əminliyini ifadə edib. Cənab Prezident, həmçinin Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqda olduğunu və regionun artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrildiyini diqqətə çatdırıb. "Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim", - deyə dövlətimizin başçısı vurğulayıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə əsrlər boyu xalqlarımızı yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağladığını söyləyib: "Bu, məntiqi olaraq, dövlətlərimiz arasında güclü strateji tərəfdaşlığı əks etdirir. Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir".
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın və Gürcüstanın tarixi İpək yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolu oynayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Həm Azərbaycan nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu ölkələrimiz üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir.
Gürcüstanın Baş naziri də vurğulayıb ki, Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq. Bütövlükdə, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Eyni zamanda, xalqlarımız arasında mədəni və humanitar sahələrdə əlaqələrin davam etməsi də ümumi maraqlarımıza uyğundur. Bütün bunlar ölkələrimiz və xalqlarımız arasında münasibətləri davamlı olaraq gücləndirir".
Alim Hüseynli