İrana görə istefa verən ABŞ-nin keçmiş rəsmisindən SENSASİON İDDİA: İsrail-Türkiyə müharibəsi...
16:12 Siyasətİranla müharibəyə etiraz edərək vəzifəsindən istefa verən ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kent Donald Trampın NATO ilə bağlı çıxışlarını şərh edib.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, Kent ABŞ-nin ittifaqdan ayrılmaq istəyinin arxasında duran əsl səbəbin, Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə Vaşinqtonun İsrailin tərəfində yer almaq niyyəti olduğunu iddia edib.
Cozef Kentin sözlərinə görə, Vaşinqtonun NATO-dan uzaqlaşmaqla bağlı müzakirələri xarici müdaxilələrə son qoymaq məqsədi daşımır. O, bu addımın əsas motivasiyasının Suriya meydanında baş verə biləcək Türkiyə-İsrail qarşıdurmasında ABŞ-nin birbaşa İsrailin yanında mövqe tutmasını təmin etmək olduğunu müdafiə edib.
Xatırladaq ki, Donald Tramp özünə məxsus "Truth Social" platformasında NATO-nu hədəf alaraq, ittifaqın ABŞ-nin ehtiyacı olduğu zaman ona dəstək vermədiyini bildirmiş və təşkilatı "pis idarə olunan" struktur kimi xarakterizə etmişdi.
Trampın mesajına reaksiya verən Co Kent NATO-dan qopmağın sanıldığı kimi "təcridolunma" və ya "sülh" gedişi olmayacağını irəli sürüb:
"Təəssüf ki, NATO-dan ayrılma səbəbimiz xarici dünyadan çəkilmək olmayacaq. Əksinə, Suriya sahəsində Türkiyə ilə İsrail arasında qaçılmaz olaraq yaşanacaq gərginlikdə tamamilə İsrailin yanında yer ala bilmək üçün bu addımı atacağıq".
Kent, həmçinin qeyd edib ki, bu hadisələr Suriyanın dünyəvi hökumətinin devrilməsinə kömək etdikdən və keçmiş "Əl-Qaidə"/"İŞİD" liderini prezident təyin etdikdən sonra baş verir.
O, ABŞ-nin Yaxın Şərqdə həm "yanğın törədən", həm də "söndürən" rolunu oynamasına son qoymağın vaxtının çatdığını vurğulayıb.
Qeyd edək ki, Co Kent martın 17-də sosial media hesabında istefa məktubunu paylaşıb. Məktubunda "İranda davam edən müharibəni vicdanən dəstəkləyə bilmərəm" deyən Kent, İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığını, hücumun "İsrail və güclü Amerika lobbisinin təzyiqi ilə" başladıldığını qeyd edib. O, Amerika xalqına heç bir faydası olmayan müharibə naminə gənc nəslin ölümə göndərilməsinə qəti şəkildə qarşı çıxdığını bildirib.