Şimali Kipr ilə parlament səviyyəsində əməkdaşlığın qurulması çox ciddi addımdır – Vüqar İskəndərov

Sözün əsl mənasında Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasındakı münasibətlərin dünyada analoqunun olmadığı bəllidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üçüncü iclasında deyib.

"Yəni, bir neçə ölkə nümunəsi göstərmək olar ki, onlar arasındakı münasibətlər çox sıxdır, qardaş dövlətlərdir, onların həm kökündə, dəyərlərində, dinində birliklər mövcuddur. Amma həqiqətən iki yüzdən yuxarı dövləti və xalqları araşdırdıqda, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və qardaş olan başqa dövlət və xalqlar mövcud deyil. Bu isə bizim kifayət qədər fərqli olduğumuzu göstərir", - deyə o bildirib.

Millət vəkili bildirib ki, bu gün isə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dövlətlərimiz və xalqlarımız arasında münasibətlər bütün sahələr üzrə ən yüksək səviyyəyə çatıb və bu səviyyə artıq real şəkildə yaşanır. Parlamentlər də bu prosesə öz töhfəsini verir. Azərbaycan və Türkiyə parlamentləri arasında münasibətlər və görülən işlər yüksək səviyyədə qiymətləndirilməlidir.

Deputat vurğulayıb ki, hələ 90-cı illərin ən çətin dövrlərində Azərbaycan artıq Kiprlə əlaqələr qurmağa başlamışdı. Son illərdə isə Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə münasibətlərinə yenidən baxır.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının tədbirinə bu dövlətin dəvət olunması və gələcəkdə müəyyən status əldə etməsinin gözlənilməsi olduqca mühüm hadisədir. Bunun davamı olaraq Azərbaycan parlamentində dostluq qruplarının formalaşdırılması, yəni qanunverici orqan səviyyəsində bu parlamentin tanınması və əməkdaşlığın qurulması çox ciddi addımlardır".

V. İskəndərov qeyd edib ki, dünyada baş verən proseslər göz qabağındadır - siyasi coğrafiya gərgindir, dəyişir və müharibələr güc üzərində qurulur.

"Buna görə biz daha da güclənməli və birlikdə olmalıyıq. Bu birlik vasitəsilə dünyaya sülh və əmin-amanlıq mesajı verməliyik. Amma dünya da anlamalıdır ki, hər bir güc öz mənbəyini xalqından, kökündən və birliyindən alır və bu birliyi pozmaq olmaz. Parlamentlərimiz və millət vəkillərimiz bu birliyi daha da möhkəmləndirmək üçün üzərinə düşən məsuliyyəti dərk etməli, hər kəs əlini daşın altına qoymalıdır", - deyə o fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31