Atəşkəs: razılaşma, amma davamlılıq şübhədə- ÖZƏL

ABŞ mediasına görə, İranın atəşkəsə razı olmasında iki əsas amil rol oynayıb: Çin lideri Si Cinpinin Tehrana iqtisadi ultimatumu və vitse-prezident Ceyms Devid Vensin gizli vasitəçiliyi. Çin, İran neftinin 90%-ini alan ölkə kimi, atəşkəs olmaması halında neft alışını dayandırmaqla ciddi təzyiq göstərib. Vens Trampın sərt ritorikası ilə diplomatiya arasında körpü yaradaraq razılaşmanı mümkün edib. Tramp da Çinin bu prosesdəki həlledici rolunu təsdiqləyib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Pekinin ultimatum verə biləcək  bir vəziyyətdə ola biləcəyini düşünmürəm. Burada əsas məsələ ondan ibarətdir ki, bu münaqişədə zərər görən tərəf İran idi və dünya üzrə neft və qaz resurslarının böyük bir hissəsini, ticarət olunan enerji resurslarının təxminən 27%-ni İran nəzarət edirdi. Belə bir məqamda İrana iqtisadi təzyiq göstərmək və ya nefti almaq ağıl işi deyil. Çünki bütün dünyanın nefti həmin bölgədədir və İran faktiki olaraq neft yolunu bağlasa, bütün ölkələr İrana minnətdar olacaq, o cümlədən Çin də.
Yəni, üstün vəziyyətdə olan tərəf Çində deyil, İrandadır. Çin necə təzyiq göstərə bilər, İranı inandıra bilər? Çünki İranın əsas ticarət tərəfdaşı Çindir. Həmçinin, İran əsas hərbi dəstəklərindən birini Çindən alır. Sərt raket yanacağı, hava müdafiəsi sistemləri kimi dəstəklər də Rusiya ilə birlikdə gəlir.
İranın əsas diplomatik tərəfdaşı da Çindir. Logistik dəstəyi, kommunikasiya xətləri və BMT-dəki dəstəyi də Çin tərəfindən təmin olunur. Çin, Rusiya və Fransa İranı dəstəkləyən ölkələrdəndir. Əgər burada hər hansı bir uğur əldə edilməsəydi, bu çox böyük dağıntılara səbəb ola bilərdi. İranın neft və enerji sektoru ciddi ziyan görə bilərdi. Ola bilsin, buna görə də müəyyən bir orta yol tapmaq lazım gəldi. Burada Çinin rolu əhəmiyyətlidir, çünki böyük strateji təsirləri olan Pakistan vasitəsi ilə müəyyən vasitəçilik edə bilərdi və Pakistanı bu prosesdə inandırmış ola bilərdi. İran da artıq çox itki verib, siyasi və iqtisadi baxımdan ziyan görüb. Onlar artıq daha böyük dağıntılara yol vermək istəmirlər. Burada Ceyms Devid Vensinin vasitəçiliyi xüsusi qiymətləndirilməlidir. Müharibənin əvvəlində o, Vitkov və digər tərəflər kimi münaqişənin birbaşa tərəfi olmadı, müharibədən uzaq dayandı. Bu, onun münaqişədə həll tapmaq üçün rolu artırdı və gələcək siyasi kariyerasında da onu irəlilədəcək. Böyük ehtimalla Donald Trampdan sonra Ceyms Devid Vensin önəmli mövqelərə gələcək. Bundan başqa, anlaşma imzalandı, amma bu anlaşmanın nə qədər sadiq qalacağı, nə qədər davam edəcəyi hazırda bilinmir. Hazırda İsrail İranı hədəf alır və İran buna cavab olaraq müəyyən şəhərlərə hücum edib. Bu anlaşmanın nə qədər davamlı olduğunu göstərən əsas arqumentlərdən biridir. Əgər tərəflər ümumi təklifləri qəbul edə bilməsələr, atəşkəs sülhlə   nəticələnə bilərmi? Bu, hələ böyük sual olaraq qalır. Mən münaqişənin bitdiyini düşünmürəm". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31