Taleh Əliyev: "Uzaq Şərq NATO-su formalaşır – Yaponiya və Cənubi Koreya ön cəbhədə" – ÖZƏL

"NATO üzvü olan ölkələrin Yaponiya səfəri və bu səfər çərçivəsində Yaponiyada yerləşən Amerika hərbi bazalarına baş çəkmələri, paralel olaraq isə Cənubi Koreyaya səfərin nəzərdə tutulması heç şübhəsiz ki, Qərb dünyasının bir növ çəkindirici missiyası kimi qiymətləndirilə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, NATO rəhbərliyi son açıqlamalarında təşkilatın təhlükəsizlik məkanının yalnız  Avro-Atlantik regionla məhdudlaşmadığını, eyni zamanda Uzaq Şərqi, xüsusilə Hind-Sakit okean bölgəsini də əhatə etdiyini vurğulayır. Bu yanaşma göstərir ki, qlobal təhlükəsizlik mühiti dəyişir və yeni geosiyasi prioritetlər formalaşır. Bu regionda yerləşən və Qərb dövlətləri ilə geniş əməkdaşlıq edən dörd ölkə ilə əlaqələrin inkişafı həm çoxtərəfli, həm də ikitərəfli formatda NATO üzvləri üçün prioritet məsələyə çevrilib. Söhbət Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya-dan gedir. Bu dövlətlərin timsalında "Uzaq Şərq NATO-su" kimi xarakterizə olunan qeyri-rəsmi hərbi-siyasi əməkdaşlıq platformasının formalaşdırılması perspektivi də müzakirə olunur.

"Hesab etmək olar ki, bu səfərin məhz hazırkı mərhələdə baş tutması təsadüfi deyil. Şərqi Avropada Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə ABŞ və İsrailin İran ilə qarşıdurma fonunda artan gərginlik, eyni zamanda Uzaq Şərqdə Çinin intensiv hərbi təlimləri və Şimali Koreya tərəfindən ballistik raket sınaqlarının həyata keçirilməsi bu addımların arxasında duran əsas geosiyasi faktorlar kimi çıxış edir. NATO üzvlərinin Yaponiyaya səfəri, qeyd edildiyi kimi, ilk növbədə çəkindirmə məqsədi daşıyır. Bu səfər Uzaq Şərqdə yerləşən müttəfiq ölkələrin tək olmadığını nümayiş etdirməyə xidmət edir. Eyni zamanda, texnoloji baxımdan yüksək inkişaf etmiş və ciddi maliyyə resurslarına malik olan Yaponiya və Cənubi Koreya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, onların daha sürətli silahlanması və potensial təhdidlərə qarşı birgə müdafiə sisteminin qurulması istiqamətində addımların atılması da əsas məqsədlərdən biridir", - deyə ekspert vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, ümumilikdə, Uzaq Şərqə artan maraq müasir beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklərin baş verdiyini göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının tədricən zəiflədiyi bir dövrdə Qərb ölkələri yeni dünya düzəninə uyğunlaşmaq və öz aparıcı mövqelərini qoruyub saxlamaq üçün müttəfiqlərlə birgə fəaliyyətlərini genişləndirməyə çalışırlar. Bu baxımdan, sözügedən səfər həm də gələcək qlobal düzənin konturlarına dair siyasi mesaj kimi qiymətləndirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31