Qara qızılın gələcəyi: Hərbi qərarlar bazarı necə idarə edir? – ÖZƏL
14:16 Siyasət"Neft qiymətlərində baş verən enişin əsas səbəbi bazarlarda mövcud olan müharibə riskinin azalmasıdır. Yəni, bu qorxunun ortadan qalxması birbaşa olaraq qiymətlərə eniş istiqamətində təsir göstərdi. Bu proses təklif və ya tələb faktorlarının dəyişməsi ilə bağlı deyil. Təklif artmayıb ki, qiymət düşsün, tələb də azalmayıb. Əksinə, tələb artım meyli göstərib. Belə bir şəraitdə qiymətlərin enməsinin yeganə səbəbi müharibə riskinin zəifləməsi və geosiyasi gərginliyin azalmasıdır".
Bu fikirləri dünya bazarında neftin qiymətinin azalması ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı ekspert bildirib ki, qarşıdakı dövrdə isə vəziyyət yenə də əsasən hərbi və siyasi qərarlardan asılı olacaq. Hesab edirəm ki, əvvəlki kimi neftin qiymətini uzun müddət 70 dollar ətrafında görmək çətin olacaq. Çünki mövcud geosiyasi proseslər nəticəsində infrastruktur zərər görüb, istehsal və hasilat sahələri, eləcə də ixrac kanalları ciddi təsirə məruz qalıb. Bu təsirlərin aradan qaldırılması isə qısa müddətdə mümkün deyil və zaman tələb edir.
"Bu vəziyyətin Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə isə, aydındır ki, neft qiymətlərinin artması ölkə üçün əlavə maliyyə imkanları yaradır. Azərbaycan 2025-ci ildə təxminən 23 milyon ton, yəni 168-169 milyon barrel neft ixrac edib. Hər bir barrelin qiymətində cəmi 10 dollar artım təxminən 1,7-1,8 milyard dollar əlavə gəlir deməkdir. Əgər neftin qiyməti 65 dollardan 105 dollara yüksələrsə, bu, hər barreldə 40 dollar artım deməkdir və ümumilikdə 5-6 milyard dollar əlavə gəlir formalaşdırır. Bu isə ixrac gəlirlərinin artması ilə yanaşı, dövlət büdcəsinə də müsbət təsir göstərir. Hesablamalara görə, hər 10 dollarlıq artım dövlət büdcəsinə yüz milyonlarla manat əlavə vəsait qazandırır. Ümumilikdə 40-50 dollarlıq artım isə illik kontekstdə təxminən 2 milyard dollara yaxın əlavə büdcə gəliri yarada bilər. Nəzərə almaq lazımdır ki, bu təsirin real hiss olunması üçün qiymət artımı qısa müddətli deyil, daha uzunmüddətli olmalıdır. Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti təxminən 65 dollar götürülüb. Əgər faktiki satış qiyməti 105 dollar olarsa, bu 40 dollarlıq fərq deməkdir və təxminən 1,6 milyard manat əlavə büdcə daxilolması yarada bilər. Tarixən neftin qiyməti 120-140 dollar aralığında da olub və gələcək aylarda da belə səviyyələrin yenidən müşahidə olunması istisna edilmir. Bütün bunlar göstərir ki, mövcud şərait maliyyə baxımından Azərbaycan üçün əhəmiyyətli imkanlar yaradır. Bununla belə, ümumi kontekstdə Azərbaycan dövləti və cəmiyyəti regionda sülhün və sabitliyin tərəfdarı olaraq qalır.
Səidə Ramazanova