Atəşkəs fonunda Bakı-Tehran zəngi - ÖZƏL

İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş tutan telefon danışığı regionda formalaşan yeni geosiyasi vəziyyət fonunda diqqət çəkir. Bu təmas, xüsusilə İran-ABŞ arasında elan olunan iki həftəlik atəşkəs fonunda, rəsmi Bakının sabitlik və təhlükəsizliyə verdiyi önəmi nümayiş etdirir. Prezidentin iranlı həmkarını təbrik etməsi diplomatik jest olmaqla yanaşı, regionda gərginliyin azalmasına dəstək mesajı kimi qiymətləndirilir. 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 

"  Azərbaycan prezidentinin İran prezidenti ilə telefon danışığı əhəmiyyətli hadisədir və nəzərə alsaq ki, hər iki prezident arasında intensiv təmaslar mövcuddur, bunu xüsusi qeyd etmək lazımdır. Həm İran prezidentinin keçən il Azərbaycana iki dəfə səfəri, həm də dəfələrlə baş tutan telefon danışıqları və bu danışıqlarda müzakirə olunan məsələlər iki tərəfli münasibətlərin möhkəmlənməsi baxımından önəmlidir.

Sadəcə problem ondan ibarətdir ki, İranda əsas qruplardan biri olan SEPAH və bir çox rəsmi dairələr Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı görünmür. Pezeşkianın da İrandakı daxili proseslərə təsir imkanları hələlik yüksək səviyyədə deyil. Bu baxımdan Azərbaycan əlbəttə ki, İranla münasibətlərin normallaşmasına və iki tərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına maraqlıdır. Azərbaycan bunu daim vurğulayır və bu istiqamətdə addımlar atır. Savaş dövründə də Azərbaycan İrana humanitar yardım göstərən azsaylı ölkələrdən biridir və öz ərazisində İrana qarşı heç bir əməliyyatın keçirilməsinə razılıq verməyib. İki həftəlik atəşkəs regionda sülh üçün çox vacibdir, amma hələlik bu atəşkəsin uzunmüddətli olacağına dair müəyyən şübhələr mövcuddur, çünki tərəflərin açıqlamalarına baxdıqda atəşkəs rejiminin kifayət qədər gərgin olduğunu görmək mümkündür. Azərbaycanın yanaşmaları və regiondakı təsiri göstərir ki, ölkəmiz Güney Qafqazda sülh və sabitliyin olmasından maraqlıdır və apardığı siyasət bu istiqamətdədir. Düşünürük ki, ABŞ və İran arasında İslamabadda keçiriləcək görüşlərdə tərəflər praqmatizm və rasional yanaşma nümayiş etdirərək uzunmüddətli sülhə nail olunması istiqamətində müzakirələr aparacaqlar və bu, region üçün çox vacibdir. Azərbaycanın tutduğu mövqe bir daha qeyd edilməlidir. Bölgədə, o cümlədən qonşularla  sülh və əməkdaşlıq şəraitində yaşamaqdır və bu mövqeyə sadiqdir. Son telefon danışığı məhz bu yöndə dəyərləndirilməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31