Bakıdan Tehrana uzanan "sülh körpüsü": Əliyev-Pezeşkian təması nəyin göstəricisidir? – ÖZƏL

"Regionda yeni geosiyasi konfiqurasiyanın formalaşdığı bir dövrdə İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş tutan telefon danışığı Azərbaycanın strateji baxışının və düşünülmüş xarici siyasət xəttinin məntiqi davamı kimi çıxış edir. Bu təmas təkcə diplomatik protokol hadisəsi deyil, həm də Azərbaycanın regionda artan rolunun və məsuliyyətinin göstəricisidir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, Azərbaycanın uzun illərdir həyata keçirdiyi düzgün qonşuluq siyasəti bu gün konkret nəticələr verməkdədir. İran, Rusiya, Gürcüstan və digər qonşularla münasibətlərdə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi Bakının etibarlı tərəfdaş imicini möhkəmləndirib. Məhz bu siyasət Azərbaycanın gərginlik anlarında tərəflər arasında ünsiyyət kanallarını açıq saxlayan nadir aktorlardan birinə çevrilməsinə imkan verir. Bu kontekstdə Prezident İlham Əliyevin atdığı addımlar xüsusi vurğulanmalıdır. Onun münaqişə və gərginlik vəziyyətlərində sərgilədiyi müdrik və ölçülüb-biçilmiş yanaşma emosional qərarlardan uzaq, milli maraqlara əsaslanan siyasətin bariz nümunəsidir. 

"Hesab edirəm ki, İran prezidentinə edilən zəng və təbrik mesajı da məhz bu praqmatik yanaşmanın tərkib hissəsidir. Məqsəd gərginliyi artırmaq yox, yumşaltmaq, qarşıdurma yox, dialoq mühitini təşviq etməkdir. ABŞ-İran arasında əldə olunan atəşkəs fonunda Azərbaycanın mövqeyi xüsusilə diqqət çəkir. Azərbaycan burada hansısa blokun tərəfdarı kimi deyil, sabitlik və təhlükəsizliyin tərəfdarı kimi çıxış edir. Bu isə ölkənin vasitəçi və dialoq platforması rolunu daha da gücləndirir", - deyə baş redaktor qeyd edib.

Ekspert əlavə edib ki, Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın yerini keyfiyyətcə fərqli səviyyəyə qaldırıb. Bu gün Azərbaycan regionda sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir, müxtəlif güc mərkəzləri arasında balans yaradan aktor rolunu oynayır, siyasi, iqtisadi və nəqliyyat layihələri vasitəsilə inteqrasiya mərkəzinə çevrilir. Bütün bunların fonunda İlham Əliyev - Məsud Pezeşkian telefon danışığı Azərbaycanın artıq yalnız regional proseslərin iştirakçısı deyil, eyni zamanda bu proseslərə istiqamət verə bilən strateji oyunçu olduğunu göstərir. Bu gün Azərbaycan düzgün qonşuluq siyasəti, müdrik liderlik və balanslaşdırılmış diplomatiya vasitəsilə Cənubi Qafqazda yeni geosiyasi düzənin formalaşmasında özünəməxsus və həlledici yer tutur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31