"ABŞ atəşkəs istəyirsə, ilk növbədə İsrail faktorunu neytrallaşdırmalıdır" – ŞƏRH – ÖZƏL
13:33 Siyasət"Donald Tramp tərəfindən atəşkəslə bağlı qərarların gündəmə gətirilməsi təsadüfi deyil. Bu məsələ artıq bir müddətdir müzakirə olunur və bunun əsas səbəblərindən biri Hörmüz boğazı ətrafında yaranmış vəziyyətdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, İran tərəfinin bu boğazı faktiki olaraq bağlaması dünya iqtisadiyyatında, xüsusilə də enerji bazarlarında ciddi təlatümlərə səbəb olub. Hörmüz boğazı qlobal enerji daşımalarının ən kritik nöqtələrindən biridir. Onun bağlanması neft və qazın daşınmasına ciddi təsir göstərir, bu isə dünya bazarlarında qiymət artımına, birjalarda qeyri-sabitliyə və iqtisadi risklərin yüksəlməsinə gətirib çıxarır. Məhz buna görə də bu boğazın açılması həm Amerika Birləşmiş Ştatları, həm də qlobal iqtisadi sistem üçün həyati əhəmiyyət daşıyır. Bu kontekstdə Trampın atəşkəslə bağlı addımları da məhz bu iqtisadi və geosiyasi zərurətdən irəli gəlir. Bununla belə, İran hələlik atəşkəsin elan olunmasına hazır olmadığını bildirir. Bunun əsas səbəbi İranın irəli sürdüyü tələblərdir. Birincisi, İran Hörmüz boğazından keçən gəmilərlə bağlı müəyyən ödəniş mexanizminin tətbiq olunmasını istəyir. İkincisi, İran hesab edir ki, ölkədə baş verən hadisələrə görə ABŞ məsuliyyət daşıyır və buna görə maddi və mənəvi kompensasiya tələb edir. Üçüncü mühüm məsələ isə sanksiyaların ləğvidir. İran bu sanksiyaların aradan qaldırılmasını şərt kimi irəli sürür, lakin ABŞ hazırda buna getmək niyyətində deyil.
Ekspert əlavə edib ki, digər həssas məsələ nüvə proqramı ilə bağlıdır. Bu istiqamətdə də İran geri addım atmaq istəmir və bu, danışıqların ən çətin komponentlərindən biri olaraq qalır. Bütün bu amilləri nəzərə alsaq, yaxın tarixlərdə, məsələn, ayın 10-u ətrafında hər hansı yekun razılaşmanın əldə olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. İranın bu razılaşmaya gedib-getməyəcəyi də tam aydın deyil. Atəşkəsin real şəkildə baş tutması üçün əsas şərt qarşılıqlı kompromisdir. Yəni Amerika Birləşmiş Ştatları yalnız öz şərtlərini irəli sürməklə kifayətlənməməli, eyni zamanda İranın tələblərini də nəzərə almalıdır. Bu halda müəyyən nəticə əldə oluna bilər. Lakin burada daha bir vacib faktor var - İsrail məsələsi. Məlumdur ki, İsrail bu prosesdə geri çəkilməyə meylli deyil və onun mövqeyi də vəziyyətə ciddi təsir göstərir. Əgər ABŞ həqiqətən atəşkəsə nail olmaq istəyirsə, ilk növbədə İsrail faktorunu neytrallaşdırmalı və bu prosesi ayrıca müstəvidə tənzimləməlidir. Çünki İsrail prosesdə aktiv qalarsa, atəşkəsin əldə olunması xeyli çətinləşəcək və münaqişənin davam etməsi ehtimalı yüksək olacaq.
"Ümumilikdə hesab edirəm ki, hazırkı mərhələdə İran ilə Amerika Birləşmiş Ştatları arasında tam razılaşmanın əldə olunması hələ ki real görünmür. Çünki tərəflərin strateji məqsədləri ciddi şəkildə toqquşur. ABŞ və onun müttəfiqləri İranın mövqeyini ciddi şəkildə zəiflətmək istəyir, İran isə bunu öz dövlətçiliyi üçün təhlükə kimi qiymətləndirir. Bu səbəbdən danışıqların qısa müddətdə tam nəticə verəcəyi ehtimalı hələlik aşağı olaraq qalır", - deyə siyasi şərhçi qeyd edib.
Səidə Ramazanova