“Mədəni irs” adı altında növbəti manipulyasiya - ÖZƏL

"Ermənilərin guya "mədəni abidələr"lə bağlı qaldırdıqları əsassız hay-küy uzun illərdir davam edir. Onlar hətta Qarabağı işğal altında saxladıqları dövrdə belə Azərbaycanın guya erməni irsini məhv etməsi ilə bağlı təbliğat aparırdılar. Qarabağ azad edildikdən və Azərbaycan öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra da bu iddialar səngiməyib."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Əslində isə məsələ tamamilə fərqlidir. Azərbaycan öz ərazisində aparılan bütün fəaliyyətlərə tam hüquqi əsaslarla nəzarət edir və bu, beynəlxalq hüquqa uyğun olan suveren haqqdır. İşğal dövründə qanunsuz şəkildə inşa edilmiş tikililər və ya quraşdırılmış "abidələr" heç bir halda legitim mədəni irs kimi təqdim oluna bilməz. Bunlar qanunsuz fəaliyyətin nəticəsidir və qanunsuzluğun aradan qaldırılması dövlətin təbii hüququdur.

Bu baxımdan, həmin tikililərin sökülməsi və ya ləğvi mədəni irsin məhv edilməsi kimi deyil, qanunsuz fəaliyyətin qarşısının alınması kimi qiymətləndirilməlidir. Ermənistan tərəfinin bu mövzunu daim gündəmdə saxlaması isə daha çox anti-Azərbaycan kampaniyasının davam etdirilməsi məqsədi daşıyır.

Məqsəd aydındır: Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında mənfi obrazda təqdim etmək, ölkəmizi əsassız şəkildə "barbarlıqda" ittiham etmək. Lakin reallıq getdikcə daha aydın görünür. Qarabağa səfər edən xarici nümayəndələr və müşahidəçilər işğal dövründə törədilmiş dağıntıların miqyasını öz gözləri ilə görür və obyektiv nəticə çıxarmaq imkanı əldə edirlər.

Nəticə etibarilə, bu cür əsassız iddiaların uzunmüddətli perspektivdə nəticə verməsi inandırıcı görünmür. Bununla belə, Azərbaycan informasiya müstəvisində fəal olmalı, öz haqlı mövqeyini ardıcıl və əsaslandırılmış şəkildə beynəlxalq ictimaiyyətə çatdırmağa davam etməlidir."

 İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31