Fransanın Ermənistan tələsi: "Tramp marşrutu" Makronu narahat edir? – ÖZƏL
15:37 SiyasətFransa Milli Assambleyası Azərbaycanın suverenliyini hədəf alan qeyri-hüquqi sənəd qəbul edib. 183 deputatın lehinə səs verdiyi qətnamədə Bakıda saxlanılan separatçıların "dərhal azad edilməsi" tələb olunur.
Sənəddə beynəlxalq hüquqa zidd olaraq qondarma "Artsax" ifadəsindən istifadə edilib və Azərbaycan əsassız olaraq "mədəni soyqırımda" ittiham olunub.
"Fransa Milli Assambleyası növbəti dəfə Azərbaycana qarşı qeyri-hüquqi xarakter daşıyan qətnamə qəbul edib. Halbuki bir müddət əvvəl müəyyən ümidlər yaranmışdı ki, Fransa-Azərbaycan münasibətlərində müəyyən yumşalma və normallaşma mərhələsinə keçid mümkündür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il iştirak etdiyi bir sıra beynəlxalq tədbirlər zamanı Fransa Prezidenti Emmanuel Makronun şəxsən təşəbbüs göstərməsi, münasibətləri istiləşdirməyə cəhd etməsi belə bir rəy formalaşdırmışdı. Azərbaycan tərəfi də həmişə olduğu kimi, ona uzadılan ələ adekvat və konstruktiv cavab vermişdi. Cəmiyyətdə artıq belə bir fikir formalaşırdı ki, Fransa Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlıdır. Lakin qəbul edilən bu qətnamə bir daha göstərdi ki, Fransa köhnə mövqeyində qalır və əslində Azərbaycanla münasibətlərin normallaşmasında səmimi maraqlı deyil. Xüsusilə onu nəzərə alsaq ki, Azərbaycan-Ermənistan arasında artıq təxminən altı aydır sülh gündəliyinə uyğun olaraq münasibətlərin istiləşməsi prosesi gedir, müəyyən etimad mühiti formalaşır, iqtisadi və ticarət əlaqələrinin bərpası istiqamətində addımlar atılır. Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqazda yaratdığı yeni reallıqları qorumağa və regionu sülh və əməkdaşlıq məkanına çevirməyə çalışdığı bir vaxtda Fransanın bu cür addım atması, təbii ki, anlaşılmaz və qəbuledilməzdir.
"Fransa bunu bəlkə də öz maraqları baxımından "məntiqli" hesab edə bilər, lakin ümumi regional və beynəlxalq baxımdan bu addım heç cür məqbul deyil. Xatırladaq ki, işğal dövründə - otuz il ərzində Fransa heç vaxt Azərbaycanın hüquqlarını müdafiə etməyib, əksinə, işğalçı tərəfin mövqeyinə yaxın olub. Birinci Qarabağ müharibəsində minlərlə azərbaycanlının itkin düşməsi, həlak olması faktına Fransa heç vaxt prinsipial münasibət sərgiləməyib. Bu gün də erməni mina terrorunun qurbanına çevrilən azərbaycanlılarla bağlı Fransa tərəfindən hər hansı ciddi reaksiya müşahidə olunmur. Eyni zamanda, Fransa Rusiya-Ukrayna müharibəsində tamamilə fərqli mövqe nümayiş etdirir, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir və Rusiyaya qarşı sərt mövqe tutur. Lakin söhbət Azərbaycana gəldikdə, tam fərqli, ikili standartlara əsaslanan yanaşma ortaya qoyur. Təəssüf ki, Fransa Azərbaycana qarşı bu qərəzli mövqeyindən imtina etmir. Bu yanaşmanın arxasında daha geniş geosiyasi səbəblər də dayanır. Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması prosesi ABŞ-nin fəal iştirakı ilə həyata keçirilirdi. Avqustun 8-də ABŞ nümayəndələrinin regiona səfəri və sülh sazişinin hazırlanmasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparıldı. "Tramp marşrutu" adlandırılan bu proses artıq reallığa çevrilməkdədir. Məlumdur ki, ABŞ ilə Avropa İttifaqı, xüsusilə Fransa arasında münasibətlər hazırda əvvəlki kimi deyil. Avropa İttifaqı artıq ABŞ-ni açıq şəkildə özünün əsas təhlükəsizlik təminatçısı kimi görmür. Bu amil də Fransanın ABŞ-nin regionda fəal rol almasında maraqlı olmamasına səbəb olur. Fransa istəmir ki, Cənubi Qafqazda ABŞ-nin vasitəçiliyi ilə sülh, iqtisadi sabitlik və uzunmüddətli əməkdaşlıq mühiti yaransın", - deyə ekspert qeyd edib.
Ş. Ağayevin fikrincə, Fransa bu addımla Azərbaycana qarşı cinayət törətmiş, separatçılıq və terror fəaliyyəti ilə məşğul olmuş şəxslərin azadlığa buraxılması üçün təzyiq göstərməyə çalışır. Halbuki bu şəxslər Azərbaycan ərazisində beynəlxalq hüquqa zidd əməllər törədiblər və qanun çərçivəsində məhkəmə hökmü alıblar. Azərbaycan dövləti bu məsələdə prinsipial mövqe tutur və belə cinayətkarların azad edilməsi gündəmdə deyil. Əgər oxşar cinayətlər Fransada törədilsəydi, ehtimal ki, daha ağır cəzalar tətbiq olunardı. Fransanın bu addımının əsas məqsədi revanşist qüvvələri yenidən fəallaşdırmaq, Azərbaycan-Ermənistan arasında süni gərginlik yaratmaq və bundan istifadə edərək Cənubi Qafqazda öz maraqlarını təmin etməkdir. Eyni zamanda, bu addım sülh prosesini davam etdirən Paşinyan hökumətini də çətin vəziyyətdə qoyur. Ermənistanda qarşıdan gələn seçkilər fonunda Fransanın bu cür davranışı mövcud hakimiyyətin mövqelərini zəiflətməyə xidmət edir və Parisin öz maraqlarına uyğun siyasi qüvvələrin hakimiyyətə gəlməsini arzuladığını göstərir. Lakin bütün bunlara baxmayaraq, düşünmürəm ki, Fransanın bu planları və gözləntiləri reallaşa bilsin. Regionda yaranmış yeni reallıqlar artıq dəyişməz xarakter alıb və Azərbaycan bu reallıqların qorunmasında qətiyyətlidir.
Lamiyə Cəbrayılova