Ermənistanda yeni geosiyasi reallıq: Sülhə yönələn baxış güclənir? - ÖZƏL
24 İyul 15:43 Siyasət"Sorğunun nəticələri - yəni Ermənistan vətəndaşlarının 47 faizinin Azərbaycanla sülh müqaviləsini tam və ya qismən dəstəkləməsi - bir neçə mühüm tendensiyanı və siyasi məqamı ortaya qoyur. Bu nəticəni həm ictimai rəy, həm də regional və siyasi kontekstlər baxımından təhlil etmək olar."
Bu fikirləri siyasi şərhçi Polad Mehdiyev Olaylar.az-a açıqlamasında bildirib:
"Əvvəla sorğunun nəticəsinə uyğun olaraq belə qənaətə gəlmək olar ki, artıq Ermənistan əhalisinin bir hissəsində sülhə yönəlik ictimai dəstək formalaşmaqdadır.
47 faizin sülh müqaviləsini dəstəkləməsi onu göstərir ki, Ermənistanda cəmiyyətin yarısına yaxın bir hissəsində post-müharibə dövründə revanşist və hərbi ritorikadan uzaqlaşma meyilləri əmələ gəlməkdədir.
Azərbaycan Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq legitim güc tətbiq edərək ərazi bütövlüyünü tam bərpa etdikdən sonra bütövlükdə regionda, o cümlədən Ermənistanda yeni reallıqlar formalaşdı.
Nəticədə bu gün Ermənistanda:
1- 44 günlük "Vətən" müharibəsindən sonra yaranan reallıqlara uyğunlaşma prosesi sürətlənir;
2- Cəmiyyətin bir hissəsi artıq Qarabağ iddialarını prioritet məsələ kimi deyil, iqtisadi rifah və sabitliyin əvəzində "bağlı səhifə" kimi görməyə başlayır.
Digər bir məsələ, Azərbaycanla ikitərəfli sülh prosesinə görə Paşinyan hökumətinə qismən ictimai dəstəyin mövcudluğunu demək olar.
Son dövrlərdə Ermənistan-Azərbaycan münasibətlərində sərhədin delimitasiyası və sülh müqaviləsinin imzalanması istiqamətində aktivləşmə mövcuddur. Sorğunun nəticələri göstərir ki, bu siyasət təkcə Paşinyan hökümətinin mövqeyi olaraq deyil, həm də ictimai dəstəyə malikdir - bu da Paşinyana daxili siyasi müqavimətə qarşı dayanıqlı olmaq üçün legitimlik verir.
Eyni zamanda sorğunun nəticəsinə uyğun olaraq deyə bilərik ki, Ermənistanda cəmiyyətin qalan 53 faizində ya tərəddüd, ya da radikal mövqe var. Yəni 53 faizi ya sülh müqaviləsinə qarşıdır, ya da bu məsələ ilə bağlı tərəddüd içindədir.
Bu isə özündə müəyyən riskləri əks etdirir. Məsələn Qarabağ məsələsinin istismarı ilə populist, revanşist qruplar yenidən güc qazana bilər. Və ya regionda marağı olan digər aktorlar Ermənistanda bu narazılıq fonunda sülhə mane ola biləcək daxili çaxnaşma və təxribatlar törədə bilərlər.
Bu sorğu həm də onu göstərir ki, Ermənistan cəmiyyəti geosiyasi reallıqları - yəni Rusiya təsirinin zəifləməsi və Qərblə yaxınlaşma siyasətinin əsas şərti kimi Azərbaycanla sülhü qəbul etməyə başlayır. Sülh müqaviləsi isə:
1- Zəngəzur dəhlizinin və digər infrastruktur layihələrinin önünü aça bilər;
2- Türkiyə-Ermənistan münasibətlərində normallaşmaya təkan verə bilər;
3- Ermənistanın AB və ABŞ-la yaxınlaşma siyasətini gücləndirər."
Qeyd edək ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) 2025-ci il iyunun 16-dan 25-dək keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 47 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tam və ya qismən dəstəkləyir, 40 faizi isə əleyhinədir.
Sülh müqaviləsinin imzalanması ilə bağlı ən yüksək fikir ayrılığı gənclər arasında qeydə alınıb: 18 yaşdan 35 yaşa qədər 48% - əleyhinə, 38% - lehinə. Yaşlı yaş qruplarından olan vətəndaşlar arasında isə əksinə, təşəbbüsə daha çox dəstək var: 56 və daha yuxarı yaşda olan respondentlərin 58%-i sazişin imzalanmasının tərəfdarıdır.
Araşdırma çərçivəsində Ermənistan vətəndaşlarının ölkənin xarici siyasi tərəfdaşları haqqında fikirləri də öyrənilib. Böyük əksəriyyət - 53% - İranı Ermənistanın siyasi tərəfdaşı hesab edir. Ondan sonra Fransa (48%) və Hindistan (43%) gəlir. Respondentlərin 45%-i Rusiyanı siyasi tərəfdaş adlandırıb, 27%-i isə onu siyasi təhlükə hesab edib.
İbrahim Məmmədli