Paşinyanın mətbuat konfransı: daxili auditoriyaya mesaj, beynəlxalq aləmə siqnal – ÖZƏL

"Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransı iki əsas istiqamətə hesablanmışdı: daxili auditoriyaya və beynəlxalq aləmə. Daxili auditoriyaya yönəlmiş mesajlar əsasən sosial problemlər və daxili siyasətlə bağlı idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçinin sözlərinə görə, Paşinyan bu çıxışı ilə 2026-cı ildə keçiriləcək parlament seçkilərində yenidən hakimiyyətdə qalmaq üçün cəmiyyəti ətrafında birləşdirmək, ictimai fikrə təsir göstərmək və ictimai prosesləri öz maraqları çərçivəsində yönləndirmək niyyətində idi: 

"Konfrans beynəlxalq aləmə də ünvanlanmışdı. Burada əsas mesajlar həm Azərbaycana, həm də Rusiyaya yönəlmişdi. Paşinyanı hakimiyyətə gətirən dairələr - başda ABŞ və Soros Fondu olmaqla - ondan əsasən Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsini tələb edirdilər. Bu illər ərzində Paşinyan həmin dairələrin dəstəyi ilə Rusiyaya qarşı addımlar atıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığı faktiki olaraq dondurub və 10 noyabr razılaşmasının Cənub dəhlizinə dair 9-cu maddəsinin - yəni Rusiya nəzarətində Zəngəzur dəhlizinin açılmasının - əleyhinə çıxış edir. Paşinyan açıq şəkildə bu dəhlizin Rusiyanın deyil, Qərbin - başda ABŞ və Avropa İttifaqının - nəzarətində açılmasına çalışır. Bu isə Rusiyanın Ermənistana münasibətini köklü şəkildə dəyişə bilər. Paşinyan isə erməni cəmiyyətini bu dəyişikliklərə hazırlayır. Artıq Ermənistanın bir çox dövlət strukturlarında Soros tərəfdarlarının - qərbyönlü şəxslərin - yerləşdirilməsi də bu siyasətin tərkib hissəsidir. Bu yolla Rusiya təsir imkanlarının məhdudlaşdırıldığı şəraitdə Paşinyan Moskvaya qarşı sərt mövqelər ortaya qoyur".

Azad Məsiyev qeyd edib ki, eyni zamanda Paşinyan Azərbaycana da müxtəlif mesajlar verir. Ritorikasında sülhdən danışsa da, əməldə bu prosesə əngəl yaradan addımlar atır. Çünki Azərbaycanla sülh sazişinin imzalanması üçün Bakı tərəfindən irəli sürülən haqlı tələblər yerinə yetirilməlidir. Lakin Ermənistan hələ də bu tələbləri qəbul etmir. Sülh sazişinin təməl prinsipi ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ancaq Ermənistan Konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayan müddəalar qalmaqdadır. Bu isə sülhün real şəkildə əldə olunmasını mümkünsüz edir. Paşinyan da yaxşı anlayır ki, bu cür sazişin 2026-cı ilə qədər imzalanması onun daxili siyasi nüfuzuna zərbə vura bilər. Çünki erməni cəmiyyətində Azərbaycanla sülhə qarşı hələ də ciddi müqavimət var. Bu səbəbdən baş nazir prosesi uzatmaq, zaman qazanmaq və sülh sazişini 2026-cı ildən sonraya saxlamaq niyyətindədir. Bu isə bir daha sübut edir ki, Paşinyanın əməlləri ilə sözləri üst-üstə düşmür. Qeyd edilməlidir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi təkcə iki ölkənin problemi deyil. Bu sənəd bütövlükdə Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar olması baxımından həyati əhəmiyyət daşıyır. Regional nəqliyyat və iqtisadi əməkdaşlıq layihələrinin həyata keçməsi də bu sülhdən keçir. Lakin Paşinyan hələ də real sülh üçün siyasi iradə nümayiş etdirmir.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədlərin açılması məsələsini də gündəmdə saxlayır. Paşinyanın Türkiyəyə etdiyi səfər və keçirilən görüşlər bu istiqamətdə müəyyən niyyətlərin olduğunu göstərir. Lakin burada da əsas şərt Azərbaycanla münasibətlərin normallaşmasıdır. Çünki Türkiyə dəfələrlə bildirib ki, sərhədlərin açılması məsələsi məhz Azərbaycanla münasibətlərdən keçir. Paşinyan isə bu məsələdə də populist siyasət yürüdür. Ermənistanın Konstitusiyasında təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da ərazi iddiaları yer almaqdadır. Bu isə qonşularla dinc yanaşı yaşamaq prinsipinə ziddir. Ermənistanda hələ də "dənizdən-dənizə böyük Ermənistan" xülyası cəmiyyətin bir hissəsinin təfəkküründə yaşayır. Bunun formalaşmasında əsas rol isə erməni kilsəsinə məxsusdur. Kilsə təkcə dini deyil, siyasi, iqtisadi və hətta hərbi gücə malik bir qurumdur. Paşinyanla kilsə arasında ciddi qarşıdurma da məhz bu səbəbdəndir. Paşinyanın yürütdüyü qərbyönlü siyasət kilsənin maraqlarına uyğun gəlmir və bu qarşıdurmanın 2026-cı il seçkiləri ərəfəsində daha da kəskinləşəcəyi gözlənilir.

Azad Məsiyev sonda bildirib ki, Paşinyanın son mətbuat konfransı həm daxili auditoriyaya, həm də xarici dairələrə yönəlmiş siyasi gediş idi. Lakin bu çıxış da sübut etdi ki, baş nazir sülh barədə yalnız danışır, amma əməldə tamamilə fərqli mövqe sərgiləyir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31