Rusiya xarici messencerləri bağlamaq niyyətindədir – Nə üçün? - ÖZƏL
16:49 SiyasətRusiya Prezidenti Vladimir Putin hökumətə 1 sentyabra qədər xarici mənşəli messencerlərə qarşı məhdudiyyətlər paketi hazırlamağı tapşırıb. Yeni qaydalar WhatsApp, iMessage, Zoom, Microsoft Teams və hətta Telegram kimi tətbiqləri əhatə edə, dövlət qurumlarında istifadənin qadağanılması, tətbiq mağazalarında bloklanma və kommersiya məhdudiyyətləri gətirə bilər. Ekspertlər bunu Rusiya informasiya məkanının tam nəzarətə alınması cəhdi kimi qiymətləndirirlər.
Politoloq Turab Rzayev Olaylar.az-a açıqlamasında bidlirib ki, Rusiya çalışır ki, qərb şirkətlərinin bölgədən gələn gəlirlərinin qarşısını alsın və özünün, yaxud müttəfiqlərinin messencerlərini önə çıxarsın:
"Bununla bağlı hər iki məlumat tam şəffaf deyil. Çünki bir tərəfdə Rusiyanın bu sosial şəbəkə messencerlərini bağlayacağı ilə bağlı məlumat var, hətta bağlandığı ilə bağlı xəbərlər də var. Digər tərəfdə isə gün ərzində Rusiyada yaşayan insanların yenə də WhatsApp-dan kütləvi şəkildə istifadə etdiyi, hətta azərbaycanlıların WhatsApp üzərindən mesajlaşdığı barədə məlumatlar mövcuddur. Ona görə tam dəqiq bilinmir ki, bu qadağa hansı sahəni əhatə edir. Yəni, sadəcə dövlət dairələrinə və dövlət qurumlarına şamil olunur, yoxsa bütün əhaliyə? Məsələn, bu, Rusiyanın informasiya məkanını nəzəri şəkildə necə idarə etmək istəyidir? Yəni, həm Rusiya informasiya məkanının suverenliyini təmin etmək, həm də xarici ölkələrin informasiya məkanına təsirini qarşısını almaqdır.
Həmçinin, məlumat sistemlərinə nəzarəti təmin etməkdir. Faktiki olaraq, ölkədəki bütün informasiya daşıyıcıları ölkə nəzarəti altında olur və xarici qüvvələrdən tamamilə təcrid edilmiş vəziyyət yaranır. Beləcə, əgər dövlət istəyərsə, sosial şəbəkələr üzərindən Rusiya daxilində ixtişaş, təxribat və ya çevriliş təşkil edə bilməz. Bunun üçün çalışırlar, düşünürəm.
Digər tərəfdən, burada xarici ölkələrin bu sistemlər vasitəsilə kəşfiyyat məlumatları yığmasının qarşısını almaq məqsədi də var. Amma mənə elə gəlir ki, həm Rusiya, həm də digər müəyyən ölkələr dövlət nəzarətini və kontrolunu tam gücə gətirmək istəyirlər.
Məsələn, bunun oxşarını əvvəllər Türkmənistanda da müşahidə etdik. Yəni, uzun illər, hətta 20-30 il ərzində bu cür şəbəkələrə məhdudiyyətlər qoyulub. Amma paralel olaraq, Çin və Belarus kimi ölkələrdə istifadə edilən messencerlərin olduğunu gördük. Ola bilər ki, burada öz müttəfiqləri olan Çin və Belarus da Rusiya mesajlaşma şəbəkələrini keçmək istəyir.
Əslində, bu məsələ yalnız informasiya məkanı ilə bağlı deyil, həm də maddi-iqtisadi, biznes aspektləri var. Ola bilər ki, Rusiya çalışır ki, qərb şirkətlərinin bölgədən gələn gəlirlərinin qarşısını alsın və öncə Rusiyanın özünün, yaxud müttəfiqlərinin messencerlərini önə çıxarsın. Eyni zamanda, sosial şəbəkələr üzərindən gələn reklam gəlirləri dost ölkələrdə və ya Rusiyanın özündə qalsın.
Bununla yanaşı, informasiya daşıyıcılarında da xarici ölkələrin iştirakı məhdudlaşdırıla bilər. Bu da mümkün variantlardan biridir.
Amma hələ ki, dediyim kimi, bütün bu qadağaların dəqiq həcmi və vaxt çərçivəsi müəyyən deyil. Yaxın günlərdə daha aydın məlum olacaq ki, bu qərarlar hansı istiqamətə gedəcək".
Zeynəb Mustafazadə