“Sakit uşaq yox, başa düşülən uşaq yetişdirməliyik” – Aysel Rəsulzadə

Bağça tərbiyə yox, şəxsiyyətin başlanğıcıdır 

Uşaqların həyatındakı ilk sosial və təhsil mühiti - bağçalar - onların gələcək şəxsiyyətinin formalaşmasında əsaslı rol oynayır. Məhz burada onlar ilk dəfə evdən kənar kollektivə daxil olur, ictimai davranış vərdişləri qazanır, ətraf aləmlə tanış olur və tədricən öyrənmə mühitinə uyğunlaşırlar. Bu mühüm dövrdə tətbiq olunan pedaqoji yanaşma təkcə uşağın öyrənmə sürətini deyil, həm də onun emosional, psixoloji və sosial inkişafını müəyyən edir.

Son illər dünyada olduğu kimi, Azərbaycanda da erkən yaş dövründə təlim və tərbiyəyə dair baxışlar dəyişir. Əvvəllər daha çox intizam, əzbərləmə və "uşağı nəzarətdə saxlamaq" üzərində qurulan sistemlər tədricən uşağın maraqlarına, təbii inkişaf ritminə və fərdi xüsusiyyətlərinə uyğun şəxsiyyətyönlü, inkişafetdirici yanaşmalarla əvəz olunur.

Pedaqoqlar, psixoloqlar və uşaq inkişafı üzrə mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, bağçada formalaşan davranış və öyrənmə vərdişləri sonrakı illərdə məktəb və cəmiyyət həyatının əsasına çevrilir. Bu baxımdan, bağçalarda tətbiq olunan metodologiya, müəllimlərin pedaqoji savadı, valideynlərlə əməkdaşlıq səviyyəsi və tədris mühitinin keyfiyyəti olduqca mühüm amillərdir. Amma bu məsələlər təkcə texniki və ya inzibati çərçivədə yox, həm də ideoloji və pedaqoji baxış bucağından dəyərləndirilməlidir. Bugünkü suallar daha da aktuallaşır: Uşaq bağçalarında hansı təlim modelləri tətbiq olunur? Ənənəvi və müasir yanaşmalar arasında balans necə qorunur? Uşağın fərdi inkişafı nə dərəcədə nəzərə alınır?

Müsahibədə məhz bu sualları cavablandırmaqla, Azərbaycanda uşaq bağçalarında tətbiq olunan pedaqoji yanaşmaları, onların səmərəliliyi və çağdaş tələblərə uyğunluğunu dəyərləndirməyə çalışacağıq. Çünki hər bir uşağın içində gələcəyin savadlı və vətəndaş mövqeli insanı formalaşır. Onun təməli isə məhz erkən yaşda - bağçada qoyulur.

Müsahibimiz pedaqoq, Valideyn məktəbi - Sevgi pedaqogikası layihəsinin rəhbəri, Green Start Academy-nin direktoru Aysel Rəsulzadədir.

-Aysel xanım, uşaq bağçalarında ənənəvi tərbiyə modeli ilə müasir təlim metodları arasında balans necə qurulmalıdır? Hazırda bu keçid nə dərəcədə həyata keçirilir?

Ölkədə məktəbəqədər təhsil sahəsində islahatlar aparılsa da, praktiki fəaliyyət deyərdim ki, aşağıdır. Bir çox bağçalarda infrastruktur çatışmazlığı, xüsusilə də regionlarda müəllimlərin müasir metodlara tam hazır olmaması bu prosesi ləngidir. Şəhərlərdə özəl bağçalarda müasir metodlar daha çox tətbiq olunsa da, dövlət bağçalarında ənənəvi model hələ də dominantlığını saxlamaqdadır.

Ənənəvi tərbiyə modeli uşağa qayda-qanuna hörmət və kollektivə uyğunlaşmaq bacarığı aşılayır. Bu metodun müsbət tərəfləri çox olsa da, lakin müasir dövrün tələbi - fərdi yanaşma, yaradıcı və tənqidi düşünmə bacarığının inkişafıdır. Balans o zaman mümkündür ki, biz intizamı sevgi və azadlıq içində, sərhədli münasibətlərlə qurmağı bacaraq. 

Ölkəmizdə ənənəvi tərbiyə modeli adətən intizamqaydaları, sosial normanın gözlənilməsi və dəyərlərin öyrədilməsi ilə tanınır. Burada müəllimin avtoritar rolu və uşağın qaydalara tabe olması hər zaman ön plana çəkilir. Bu model uşaqlarda əxlaqi dəyərlər, hörmət və kollektiv davranış kimi bir çox bacarıqları inkişaf etdirsə də, yaradıcılıq və fərdi potensialın üzə çıxarılması baxımından bir sıra məhdudiyyətlər də yaratmış olur.

Müasir təlim metodları isə şəxsiyyətyönümlüdür, uşağın fərdi maraqlarını, yaradıcılığını və tənqidi düşüncəsini inkişaf etdirməyə yönəldilmişdir.

Ənənəvi modelin güclü tərəflərindən biri ailə dəyərlərinin hər zaman qorunub saxlanılmasıdır ki, bunlar da müasir metodlarla inteqrasiya oluna bilər. Məsələn, ənənəvi nağıl və hekayələr interaktiv oyunlar və ya qrup fəaliyyətləri vasitəsilə təqdim edilə bilər. Burada hər uşağın fərdi inkişafı mütləqnəzərə alınmalı, ənənəvi qrup tərbiyəsi ilə fərdi bacarıqların inkişafı birləşdirilməlidir.

Müəllimlərə həm ənənəvi dəyərləri, həm də müasir pedaqoji metodları öyrətmək üçün davamlı təlimlər keçirilməlidir. Bu təlimlərə valideynlər də cəlb olunmalıdır. Valideynlərə müasir metodların faydaları izah edilməli, eyni zamanda onların ənənəvi gözləntiləri nəzərə alınmalıdır.

Biz Psixologiya Təlim və İnkişaf Mərkəzi olaraq bu balansı uşağın emosional təhlükəsizliyi və sərhədli azadlığı üzərində qururuq. Uşağa sərbəstlik verərkən onu sevgisiz buraxmaq, yaxud sərhəd qoymaq adıyla onu qorxutmaq yolverilməzdir. Hər iki uçuruma apara bilər, ona görə sevgi və sərhəd balansı hər zaman qorunmalıdır.

- Sizcə, erkən yaş dövründə təhsil dedikdə konkret hansı bacarıq və biliklərin uşaqlara verilməsi nəzərdə tutulur?

Erkən yaş dövründə təhsilin əsas məqsədi uşağı akademik yükləmə deyil, uşağın şəxsiyyət və sosial bacarıqlarını inkişaf etdirməkdir. Burada uşağın emosional zəkası, sosial uyğunlaşması və öyrənməyə marağı əsas götürülməlidir. Uşaq öz duyğusunu tanımalı, onu ifadə etməyi öyrənməli, başqasının hissinə hörmət etməlidir. Bu mərhələdə uşağın əsas işi oyun olmalı və bütün bacarıqlar - nitq inkişafı, motor bacarıqları, diqqət və müşahidə kimi təməl biliklər oyun vasitəilə öyrədilməlidir. Əsas məqsəd uşağın təbii marağını itirmədən ona öyrənməyi sevdirə bilməkdir.

Bir sözlə, erkən yaş dövründə təhsil uşağın hərtərəfli inkişafına yönəldilməli və bir çox bilik və bacarıqları əhatəetməlidir:

• Koqnitiv bacarıqlar; dilin inkişafı (söz ehtiyatı, sadə nağıl vəhekayələrlə öyrədilməli), əsas riyazi anlayışlar (sayma, hesablama), problem həll etmə və tənqidi düşüncənin ilkin formaları.

• Sosial-emosional bacarıqlar; empatiya qurmaq, paylaşmaq, gözləmək, qrupda işləmə, emosiyaları idarə etmə, özünə inam və hörmət, özünü ifadə.

• Fiziki bacarıqlar; incə və kobud motorika (yazmaq üçün əl hərəkətləri, qaçmaq, tullanmaq), sağlamlıq və özünəqulluq vərdişləri.

• Yaradıcılıq və təxəyyül; rəsm, musiqi, rol oyunu və hekayə uydurma kimi fəaliyyətlər vasitəsilə yaradıcılığın inkişafı.

• Milli-mənəvi dəyərlər; mədəniyyətimizə aid nağıllar, adət-ənənələr və əxlaqi prinsiplər (hörmət, paylaşma).

• Məktəbə hazırlıq; diqqəti cəmləmə, dinləmə, tapşırıqları yerinə yetirmə kimi bacarıqlar.

Biz Mərkəzimizdə 3 yaşdan etibarən uşaqlarla özünü tanıma məşğələləri, emosiya kartları, hisslərin rənglənməsi, rol oyunları, fərdi və qrup fəaliyyətləri təşkil edirik. Bu, onların həm özlərini tanımasına, həm də ailədə və cmiyyətdə həm psixoloji, həm də pedaqoji baxımdan sağlam yer tutmalarına kömək edir.

-Bağça müəllimlərinin pedaqoji hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz? Onlar bu keçidi dəstəkləməyə yetərincə hazırdırmı?

Dövlət bağçalarında çalışan müəllimlərin çoxu ənənəvi tərbiyə modelinə öyrəşib və müasir metodlara (məsələn, oyun əsaslı təlim, fərdi yanaşma) keçid üçün kifayət qədər təlimlərə cəlb olunmadığından hazırlıq səviyyəsini yüksək qiymətləndirmək düzgün olmazdı. Əsas problem olaraq isə müəllimlərin yeni metodları tətbiq etmək üçün motivasiya və resurs çatışmazlığında görürəm. Əməkhaqqının aşağı olması və iş yükünün çoxluğu da bu prosesi gecikdirir. Özəl bağçalarda isə müasir metodlara üstünlük verilir, müəllimlər çoxlu təlimlərə cəlb olunurlar.

Müasir metodlara keçid üçün davamlı təlimlər, mentor dəstəyi və praktik təcrübə mübadiləsi lazımdır. Hazırda bağça müəllimlərinin bu keçidi dəstəkləməyə istəkləri var, əlbəttə. Amma bilik və bacarıq baxımından tam yetərlilik hələ yoxdur. Əsas problem isə müəllimlər yalnız nəzəri təlimlərlə deyil, real praktik müşahidə və refleksiya imkanları ilə inkişaf etdirilməlidirlər.

-Oyun əsaslı öyrənmə və fərdi yanaşma metodları Azərbaycan uşaq bağçalarında nə dərəcədə tətbiq olunur və nəticəsi görünürmü?

Oyun əsaslı öyrənmə beynəlxalq təcrübədə geniş yayılıb və Azərbaycanda da özəl bağçalarda tətbiq olunmağa başlayıb. Bu metod uşağın təxəyyülünü, sosial bacarıqlarını və öyrənmə marağını artırmaq üçün effektivdir. Lakin dövlət bağçalarında bu metodun tətbiqi məhduddur və daha çox ənənəvi qrup fəaliyyətləri ilə əvəzlənir. Eyni zamanda bir sıra səbəblərdən uşaqlara fərdi yanaşma tətbiq olunmur. Oyun materiallarının olmaması və müəllimlərin bu metodlara tam hazır olmaması tətbiqi çətinləşdirir.

Özəl bağçalarda və xüsusi ehtiyaclı uşaqlar üçün oyun əsaslı öyrənmə tətbiq olunur, buna görə də oradakı uşaqların sosial bacarıqları, özünə inamı və öyrənmə marağı müqayisə ediləcək dərəcədə hiss olunur. Məsələn, Montessori metodutətbiq olunan bağçalarda uşaqların müstəqilliyi və problem həll etmə bacarıqları daha yaxşı inkişaf edir.

Bir məqam da var ki, dövlət bağçalarında bu yanaşma bəzi müəllimlər tərəfindən oyun saatı ilə tədris saatını ayırmaq kimi anlaşılır. Halbuki oyun özü təlimin içində öyrənmə ilə təbii şəkildə inteqrasiya olunmalıdır. 

Fərdi yanaşmaya gəlincə, bu sahədə hələ ciddi problemlər var deyə düşünürəm; uşaqlara eyni tapşırıqlar verilir, eyni zamanda yaxşı nəticə tələb olunur. Amma biz hər uşaqla fərqli münasibət qurmaqla onun güclü və zəif tərəfini tanımalı və buna uyğun yanaşma metodu tətbiq etməliyik. Bu metodla öyrənməyə münasibət dəyişir, uşaq tənqidə deyil, təşviqə əsaslanaraq inkişaf edir. Valideynlər də bunun nəticəsini həm evdə, həm də məktəbə keçid mərhələsində hiss edirlər.

Mərkəzimizdə oyun sadəcə əyləncə vasitəsi deyil, öyrənmənin ən təbii formasıdır. Uşaq oyunda özünü ifadə edir, qorxularını dəf etməyi öyrənir, yeni biliklərini təcrübədən keçirir. Həmçinin Mərkəzimizlə əməkdaşlıq edən, həmçinin təlimlərimizə qatılan müəllimlər müasir yanaşmalara maraq göstərir, amma bu, yenə də yetərli deyil. Çünki pedaqoq yalnız fənni bilməklə deyil, uşağın psixoloji inkişafını və fərdi xüsusiyyətlərini tanımalı, uşaqla işləməyə həvəsli olmalıdır.

-Valideynlərin bu prosesə münasibəti necədir? Onlar təhsilə yönəlik yanaşmanı dəstəkləyir, yoxsa hələ də "tərbiyə mərkəzi" yanaşması üstünlük təşkil edir?

Valideynlərinin əksəriyyəti hələ də bağçaları "tərbiyə mərkəzi" kimi görür, burada intizam, davranış qaydaları və əxlaqi dəyərlər ön planda olmalıdır deyə düşünür. Bu düşüncə tərzi xüsusilə yaşlı nəsil və regionlarda yaşayan valideynlər arasında yayılmışdır. Gənc ailələr və şəhərlərdə yaşayanvalideynlər isə müasir təhsilə yönəlik yanaşmaları, məsələn, oyun əsaslı öyrənmə, fərdi inkişafı daha çox dəstəkləyir və uşaqlarını özəl bağçalara qoymağa üstünlük verirlər. Onlar uşaqlarının erkən yaşda dil, riyazi bacarıqlar və yaradıcılıq kimi sahələrdə inkişafını önəmli hesab edirlər. 

Qeyd etdiyim kimi, təəssüf ki, bir çox valideyn bağçanı tərbiyə və itaət mərkəzi kimi görür, "uşaq sözə baxırsa, bağça yaxşıdır" prinsipinə əsaslanırlar. Bu isə uşağın fərdi inkişafını deyil, itaətkar davranışa sahiblənməsinə gətirib çıxarır. Bir çox ailələr bağçaya uşağın "sakit durması", "sözə baxması" üçün ehtiyac duyurlar. Onlar üçün sakit və itaətkar uşaq "yaxşı tərbiyə olunmuş" uşaq hesab olunur. Onlar uşağın sakit, sözə baxan, böyüyə qarşı etiraz etməyən olmasını tərbiyənin əsas göstəricisi sayırlar. Halbuki müasir yanaşmada uşaq öz fikrini bildirməli, hisslərini ifadə etməli, seçim etmək və qərar vermək imkanı qazanmalıdır. Bu, tərbiyəsizlik deyil; uşağın sərbəst fikir bildirməsi, sual verməsi, etiraz etməsi onun inkişaf etdiyinin - sağlamlığının göstəricisidir. Bu, bizim mərkəzdə ən çox üzərində işlədiyimiz məqamlardan biridir. Valideynlərin bir hissəsi artıq anlayır ki, bağça təkcə "uşağı tərbiyə edən yer" deyil, şəxsiyyətin ilk formalaşdığı sosial məkandır. 

Əlbəttə ki, bütün bunlar valideynlərin müasir tərbiyə və öyrənmə metodları haqqında məlumatların az olunmasından qaynaqlanır. Bu səbəbdən onlar ənənəvi tərbiyəyə üstünlük verirlər, çünki onlara bu metod  daha rahat və "etibarlı" görünür. Bu baxımdan valideynlərlə xüsusi iş aparılmalıdır; təlimlər təşkil olunmalı, müasir metodların uşağın gələcək uğurlarına necə töhfə verməsi ilə bağlı konkret nümunələr göstərilməlidir. Burada valideynlərin bağça fəaliyyətlərinə, məsələn, açıq dərslərə, oyun seanslarına cəlb edilməsi onların müasir yanaşmalara inamını artıra bilər.

Biz valideynlərlə seminarlar, fərdi görüşlərlə bu yanaşmanı dəyişməyə çalışırıq. Onlara göstəririk ki, bağçada öyrənilən hər şey gələcəkdə onların övladının həyat keyfiyyətinə təsir edəcək. Valideyn də bu prosesin tərəfdaşı olmalıdır. Çünki bu keçid prosesində valideynlərin rolu həlledicidir. Biz bu baxış bucağını dəyişmək üçün "Valideyn Məktəbi" adlı maarifləndirici layihəni artıq illərdir ki, icra edirik. Bu layihə çərçivəsində valideynlərlə mütəmadi seminarlar, psixoloji söhbətlər və praktik məşğələlər təşkil edirik. Məqsəd valideyni sadəcə müşahidəçi yox, tərəfdaş halına gətirməkdir. Təcrübə göstərir ki, valideyn öyrəndikcə, uşağına yanaşması dəyişir; daha az qadağa, daha çox dinləmə, daha az cəza, daha çox başa düşmə olur.

Son dövrlərdə qatıldığım təlim və konfranslarda, həmçinin "Valideyn məktəbi: Ana olmaq" kitabının müəllifi kimi iştirak etdiyim kitab festivalarında və İmza saatlarında müşahidəedirəm ki, valideynlər bu dəyişiklik üçün açıqdırlar, sadəcə dəstəyə və doğru istiqamətə ehtiyac duyurlar. "Valideyn Məktəbi" bu ehtiyacdan doğan və hər bir ailənin inkişafına xidmət edən bir layihədir. Çünki valideyn dəyişərsə, uşaq da "nəfəs" alar... elə valideyn də. Biz bu məqsədlə valideynləri maarifləndirir, uşaqları azad, amma məsuliyyətli ruhda böyütməkdə valideynlərə dəstək olmağa çalışırıq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31