"Zəngəzur dəhlizi" ifadəsi Ermənistanı niyə qıcıqlandırır? – ŞƏRH – ÖZƏL
12:27 Siyasət"Ermənistan-Azərbaycan münaqişəsi sona çatdıqdan sonra 10 noyabr Bəyanatına əsasən Ermənistanla Azərbaycan arasında, eləcə də Azərbaycanla Naxçıvan arasında nəqliyyat infrastrukturunun açılması barədə razılaşma əldə olunmuşdu".
Bu sözləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvan arasında tarixi əlaqələrin bərpa olunması baxımından çox vacib məsələdir. Hətta SSRİ dövründə də bu dəhlizdən keçən dəmir yolu Azərbaycanın mülkiyyətində olub.
Siyasi şərhçi qeyd edib ki, əgər Ermənistan blokadadan çıxmaq və dünyaya iqtisadi cəhətdən inteqrasiya etmək istəyirsə, mütləq şəkildə nəqliyyat infrastrukturu açılmalıdır. Məsələ ondadır ki, "Zəngəzur dəhlizi" ifadəsi Ermənistanı qıcıqlandırır. Yolun adına nə deyilsə deyilsin - "Trump yolu", "Zəngəzur dəhlizi" və ya başqa ad, əsas şərt odur ki, Azərbaycandan Naxçıvana gedən sərnişinlərin və vətəndaşların təhlükəsizliyi, toxunulmazlığı və sərbəst gediş-gəlişi təmin edilməlidir. Əks halda nəqliyyat infrastrukturunun açılması real olmayacaq.
Ekspertin sözlərinə görə, Ermənistanı narahat edən əsas məsələ isə odur ki, "Zəngəzur" Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycanın bu ifadəni gündəmdə saxlaması Ermənistan tərəfindən tarixi torpaqlara iddianın ifadəsi kimi qəbul olunur və onları qıcıqlandırır.
10 noyabr sənədinin 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirmədi. Hazırda isə dəhlizin ABŞ-nin himayəsinə verilməsi barədə danışıqlar aparılır. Beləliklə, ortada iki sənəd mövcuddur: biri 10 noyabr 2020-ci il sənədi (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanıb), digəri isə 8 avqustda ABŞ-də imzalanan sənəd. Paşinyanın avantürist siyasəti nəticəsində regionda böyük güclərin maraqları toqquşur.
"Bu dəhliz həm Rusiyanın, həm də ABŞ-nin strateji maraqlarındadır. Çünki kim Zəngəzur dəhlizinə nəzarət edəcəksə, regionda söz sahibi olacaq və qlobal iqtisadi sistemə təsir imkanına malik olacaq. Dəhliz, eyni zamanda, Çinlə Avropa arasında yüklərin daşınması və türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün mühüm strateji xəttdir", - deyə A. Məsiyev əlavə edib.
Ekspert bildirib ki, Ermənistanın siyasi elitası hər dəfə "Zəngəzur dəhlizi" ifadəsini eşidəndə narahat olur. Çünki bu, həmin ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu xatırladır. Əgər Ermənistan qonşularla dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyəcəksə, konstitusiyasında dəyişiklik etməyib Azərbaycana ərazi iddialarını saxlayacaqsa, o halda Azərbaycan da öz tarixi torpaqlarını gündəmə gətirmək hüququna malikdir. Azərbaycan xalqı bu torpaqları unutmur. Zəngəzur, Göyçə tarixi Azərbaycan torpaqları olub. Naxçıvanla gediş-gəliş məhz bu ərazilər vasitəsilə yaradılıb.
Naxçıvanla Azərbaycanın digər əraziləri arasında dəmir yolunun və avtomobil yolunun açılması, Azərbaycan vətəndaşlarının sərbəst və təhlükəsiz gediş-gəlişinə zəmanət verilməsi vacibdir. Əks halda Ermənistanın dünyaya açılan dəmir yolu və infrastruktur xətləri də bloklanacaq.
"Yolun adı istənilən kimi adlandırıla bilər, lakin əsas şərt Azərbaycanın maraqlarının və təhlükəsizlik təminatının qorunmasıdır. Ermənistanı narahat edən isə məhz "Zəngəzur" ifadəsinin işlədilməsidir, çünki bu söz onların tarixən Azərbaycanın torpaqları üzərində məskunlaşdıqlarını bir daha xatırladır", - deyə siyasi şərhçi sonda vurğulayıb.
Sevda Dəniz