Taleh Əliyev: “Paşinyan qondarma rejimin izlərini silməklə sülhə sadiqliyini göstərir” – ÖZƏL
13:48 SiyasətErmənistan Baş Prokurorluğu qondarma "Dağlıq Qarabağ Respublikası"nın İrəvandakı "nümayəndəliyi"nə aid binanın mülkiyyət hüququnun ləğvi üçün məhkəməyə üz tutub. Söhbət 2017-ci ildə "DQR Nazirlər Kabineti"nin adına rəsmiləşdirilən əmlakdan gedir. Prokurorluq həmin hüququn etibarsız sayılmasını tələb edir və bu məqsədlə Ermənistanın Daşınmaz Əmlakın Kadastr Komitəsinə qarşı iddia qaldırılıb.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında separatçı rejim özünü buraxdığını elan etsə də, İrəvanda onun qalıqları - "nümayəndəlik" adı altında - fəaliyyətini davam etdirməyə çalışırdı. İndi isə rəsmi Yerevan bu izləri hüquqi müstəvidə tam şəkildə silməyə başlayıb.
Mövzu ilə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev Olaylar.az bildirib ki, Paşinyan hökumətinin qondarma rejimin İrəvandakı izlərini silməsi, sülhə sadiqliyinin və Azərbaycanın narahatlıqlarına hörmətinin göstəricisidir:
"Nikol Paşinyan, demək olar ki, Qarabağda yaşayan separatçı ermənilərin Azərbaycanı kütləvi şəkildə tərk etməsindən sonra onlara Ermənistan ərazisində qondarma qurum adından fəaliyyət göstərməyi qəti şəkildə qadağan etmişdi. Bu kontekstdə həmin qurumun balansında olan - əslində isə artıq mövcud olmayan - "rejimin" İrəvandakı nümayəndəliyinin və bu qondarma qurumu dəstəkləyən çevrələrin əlindən alınması, Paşinyan hökumətinin ardıcıl siyasi xəttinin davamı kimi qiymətləndirilməlidir. Bu, eyni zamanda olduqca mühüm bir mərhələdir. Xüsusilə nəzərə alsaq ki, Əbu-Dabi görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə olunacağına dair kifayət qədər ümid və etimad yaranıb, bu addım daha da əhəmiyyətli görünür. Məhz bu səbəbdən Nikol Paşinyan çalışır ki, xüsusilə Qarabağın qondarma rejimi adından çıxış edən dairələrin Ermənistanda fəaliyyətinə son qoymaqla Azərbaycanın legitim narahatlıqlarına hörmət etdiyini və əldə olunmuş razılaşmalara sadiqliyini nümayiş etdirsin. Bu baxımdan, Ermənistan prokurorluğunun qaldırdığı iddianı Paşinyan hökumətinin Azərbaycanla aparılan sülh danışıqlarına sadiqliyinin və qarşılıqlı etimad yaratmaq istiqamətindəki təşəbbüslərinin bir hissəsi kimi qiymətləndirmək düzgün olardı".
Səidə Ramazanova