Rusiyanın NATO ilə bağlı tələbləri dəyişmir: Moskva Şərqi Avropada təsirini bərpa etmək istəyir- ÖZƏL
17:25 SiyasətƏbu-Dabidə Ukrayna müharibəsi ilə bağlı keçirilən üçtərəfli danışıqlarda Rusiya NATO-nun genişlənməsinin dayandırılmasını, 1997-ci ildən sonra üzv olan ölkələrdə hərbi mövcudluğunun azaldılmasını və postsovet dövlətləri ilə əməkdaşlığın məhdudlaşdırılmasını tələb edib. Moskva bu şərtləri təhlükəsizlik təminatları ilə əsaslandırsa da, tələblər NATO üçün qəbuledilməz hesab olunur.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Əbu-Dabidə keçirilən görüşlərdə Rusiya tərəfinin faktiki olaraq səsləndirdiyi tələblər dəyişmir. Belə ki, Rusiya son bir neçə ildə NATO-nun Şərqə doğru genişlənməsinin dayandırılmasını və bu hərbi blokun 1997-ci il sərhədlərinə geri qayıtmasını tələb edir.
Lakin NATO bu tələbləri, təbii ki, qəbul etmir. Rusiyanın Ukraynaya hücum etmək üçün bəhanə gətirdiyi bu məsələdə fərqli mənzərənin şahidi oluruq. Belə ki, 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlayan Rusiya NATO-nun 1997-ci il sərhədlərinə geri çəkilməsini tələb etsə də, əksinə, NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşmasının şahidi olduq. Belə ki, İsveç və Finlandiya da bu hərbi bloka üzv oldular. Rusiyanın irəli sürdüyü bu tələblərin real olmadığını və qəbul edilməyəcəyini düşünürəm. Sadəcə olaraq, Rusiya bu tələbləri irəli sürməklə Ukraynada həyata keçirmək istədiyi planlarını və məqsədlərini reallaşdırmağa çalışır. Rusiyanın əsas məqsədi NATO-nu yenidən Varşava Müqaviləsi dövründəki sərhədlərinə qaytarmaq, Şərqi Avropanı gələcəkdə Rusiyanın təsir zonası kimi görmək və bu regionda öz mövqelərini möhkəmləndirməkdir.
Əlbəttə ki, Rusiyanın irəli sürdüyü şərtlər ümumilikdə müharibənin dayandırılmasına yönəlməyib. Belə ki, Rusiya həddindən artıq maksimalist tələblər irəli sürür. Həmin tələblərdən biri də Ukraynanın Donbas ərazilərindən imtina etməsi məsələsidir. Düşünmürəm ki, Ukrayna buna razı olsun. Ukrayna Prezidenti və rəsmi şəxslər də bu istəkləri birmənalı şəkildə rədd edirlər. Nəzərə alsaq ki, Medinskinin dünənki açıqlamasında səsləndirdiyi "tarixi torpaqlarımız bu və ya digər formada geri qaytarılacaq" ifadəsi Rusiyanın siyasətinin əsl mahiyyətini ortaya qoyur. Bu baxımdan, Avropa ölkələri də Rusiyanın aqressiyasından kifayət qədər narahatdırlar. Burada söhbət Avropada formalaşmış təhlükəsizlik arxitekturasının dağılmasından və onun əvəzinə yeni təhlükəsizlik sisteminin qurulması cəhdlərindən gedir".
Zeynəb Mustafazadə