“Berdiməhəmmədovun səfəri Türkmənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır”- Elşad Həsənov - ÖZƏL

"Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərinə  münasibət  bildirən  politoloq Elşad Həsənov  Olaylar.az-a açıqlamasında  deyib  ki,Berdiməhəmmədovun bu səfəri Türkmənistan-Azərbaycan münasibətlərində yeni bir mərhələyə qədəm qoyacaq:

" Görüş zamanı bildirilib ki, iki qardaş ölkə bundan sonra da həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə əməkdaşlığı artıracaq, əlaqələr daha da möhkəmlənəcək. Bu baxımdan, səfər müsbət qiymətləndirilə bilər. Həm də qeyd edilməlidir ki, əvvəllər Türkmənistanla  Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar olmuşdu. Bu, əsasən  Xəzər dənizindəki neft yataqları ilə bağlı idi. Lakin  Azərbaycanın apardığı düzgün diplomatik səylər nəticəsində bu məsələlər öz həllini tapdı.
Türkmənistan Türk Dövlətləri Təşkilatına gec qoşulub. Lakin Xankəndidə keçirilən iqtisadi zirvə görüşündə onların baş nazir müavini iştirak edib. Prezident səviyyəsində təmsil olunmamışdılar. Lakin görünür ki, artıq Türkmənistan da anlayır ki, onun gələcəyi, dövlətin təhlükəsizliyi Türk Dövlətləri Təşkilatı ilə sıx bağlıdır. Gələcək - Rusiya ilə deyil, məhz Türk Dövlətləri Birliyində yaranan yeni güclə bağlıdır.
Bu təşkilatın əsas aparıcı fiqurlarından biri Azərbaycandır. Düzdür, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu işə rəhbərlik edir. Ancaq bu işin təşəbbüskarı, onu daha da inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevdir.
Buna görə də, Qurbanqulu Berdiməhəmmədovun səmimi keçən görüşləri, Azərbaycanla Türkmənistan arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün səsləndirdiyi fikirlər böyük əhəmiyyət daşıyır. Berdiməhəmmədov həmçinin Füzuliyə səfər edib, orada Prezident İlham Əliyevlə bir daha görüşüb, şəhərin dağıdılmış fotoşəkillərinə baxıb və Füzuli hava limanı barədə məlumat alıb.
Hesab edirəm ki, Berdiməhəmmədovun bu səfəri Türkmənistan-Azərbaycan münasibətlərində yeni bir mərhələyə qədəm qoyacaq. Təbii ki, hazırkı geosiyasi vəziyyət dünyanın hər yerində gərgin olaraq qalır. Bu kontekstdə  Mərkəzi Asiya ölkələrinin  Azərbaycan və Türkiyə ilə yaxınlaşması, Cənubi Qafqazda  son zamanlar baş verən hadisələr, o cümlədən Rusiyanın apardığı təcavüzkar siyasətə qarşı Azərbaycan tərəfindən göstərilən dirəniş, Ermənistanın da münasibətləri normallaşdırmaq cəhdləri - məsələn, Ermənistan baş nazirinin Türkiyə səfəri və Əbu-Dabidə Azərbaycan Prezidenti ilə görüşü - onu deməyə əsas verir ki, artıq  Ermənistan rəhbərliyi də anlayır: Rusiyadan qorxmaq lazım deyil və onların gələcəyi Azərbaycan və Türkiyə ilə birgədir. Yəni onların taleyi bu iki ölkədən asılıdır.
Bu baxımdan, Cənubi Qafqazın nəqliyyat mərkəzi kimi Azərbaycan həm də Türkmənistanın enerji resurslarının Avropaya çatdırılması üçün ən əlverişli logistik yoldur. Hesab edirəm ki, gələcəkdə Türkmənistan qazının  Avropaya çatdırılması üçün Azərbaycan ərazisindən istifadə olunacaq və bu da həm Türkmənistana, həm Azərbaycana, həm də digər ölkələrə fayda verəcək.
Bu görüş, həm region üçün, həm də ümumilikdə Mərkəzi Asiya və Qafqaz bölgəsində enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayacaq. Qurbanqulu Berdiməhəmmədovun bu səfəri gələcəkdə Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın inkişafında xüsusi rol oynayacaq. Həmçinin Mərkəzi Asiya ilə Qafqazın birgə qarşısında duran böyük layihələrin həyata keçirilməsində də əhəmiyyətli təsir göstərəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31