Azərbaycan “İbrahim Sazişləri” fonunda: Yeni geosiyasi epoxaya doğru – ÖZƏL

"Prezident İlham Əliyevin qətiyyətli siyasəti və dəngəli diplomatiyası sonucunda  Azərbaycan beynəlxalq münasibətlər sistemində getdikcə daha önəmli rol oynayır. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uoltsun Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulma ehtimalı ilə bağlı səsləndirdiyi fikirlər bir diplomatın şəxsi mövqeyi olmaqla yanaşı, həm də Vaşinqtonun bölgəsəl strategiyasında Azərbaycanın artan çəkisinin ifadəsi kimi dəyərləndirilməlidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, CASCFEN İH üzvü Əkbər Qoşalı deyib. O bildirib ki, 2020-ci ildə ABŞ vasitəçiliyi ilə imzalanan "İbrahim Sazişləri" Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşin İsraillə diplomatik münasibətləri normallaşdırmasının hüquqi-siyasi çərçivəsi sayılır: "Bu Saziş yalnız Ərəb (dünyası)-İsrail münasibətlərinin deyil, ümumən Yaxın Doğunun geosiyasi mənzərəsinin yenidən şəkillənməsinin simvoluna çevrildi. Əgər Azərbaycan bu platforma qoşularsa, söhbət sadəcə diplomatik münasibətlərdən getməyəcək - bölgələrarası güc mərkəzlərinin yeni təmas xətlərindən danışmalı olacağıq. 
Azərbaycan uzun illərdir, İslam dünyasında dözümlülük, çoxmədəniyyətlilik və dinlərarası dialoq modelini uğurla təqdim edir. Yəhudi icmasına bəslənən örnək münasibət, İsraillə hərbi-texniki əməkdaşlıq və paralel olaraq Fələstin xalqına humanitar və mənəvi dəstək Azərbaycanı həm Təl-Əviv, həm də ərəb paytaxtları üçün güvənli tərəfdaşa çevirib. "İbrahim Sazişləri"nə qoşulmaq Azərbaycanın beynəlxalq imicini təkcə Yaxın Doğuda deyil, Batıda da möhkəmləndirəcək. Bəli, güc dəngəsi dəyişir. Azərbaycanın bu sazişlərə qoşulması bölgədə İsrailin strateji müttəfiqlərinin coğrafi dərinliyini artıracaq, siyasi-diplomatik üfüqünü genişlədəcək. Güney Qafqazda Azərbaycan-İsrail tandemi həm Tehranın təhdidlərinə qarşı çəkindirici dəngə, həm də alternativ enerji və təhlükəsizlik dəhlizi yaratmaq baxımından önəmlidir. Üstəlik, Vaşinqtonun Bakı ilə münasibətlərini daha da dərinləşdirməsi Moskva-Tehran tandemi üçün geosiyasi təzyiq formalaşdıracaq. Moskva-Tehran tandemi uzun illərdir Azərbaycanın, Türk dünyasının əleyhinə yönəlib - bunu bilməyən yoxdur".

Əkbər Qoşalının sözlərinə görə, digər tərəfdən, Ermənistanla normallaşma sürəci, həm Batının bölgədəki barış missiyasına dəstək olaraq, həm də Azərbaycan diplomatiyasının prinsipiallıqla praqmatizmi birləşdirən üslubunun örnəyidir. Bakı təkcə diplomatik "təmkin qutusu" ilə deyil, eyni zamanda tarazlı və cəsarətli qərarların önəmli mərkəzi olmaqla seçilir. İsraillə diplomatik münasibətləri olmayan, lakin ABŞ və Fransa kimi dairələrə istinad edən Ermənistanın da bölgədəki statusu dəyişir. Ermənistanın yavaş-yavaş sivil koordinatlara çəkilməsi, Bakı ilə barış gündəliyinin tədricən qəbul olunması Azərbaycanın diplomatik uğurudur, əlbəttə. Əgər Bakı, Vaşinqton, Təl-Əviv və İrəvan eyni masada fikir bölüşürsə, bu artıq tarixə daxil olacaq siyasi hadisədir. Bu koordinasiya Azərbaycanın nəinki öz ərazisində, həm də bölgədə təhlükəsizlik memarı kimi çıxış etdiyini göstərir.

Araşdırmaçı-yazar vurğulayıb ki, Azərbaycan bu gün enerji və logistika gücü ilə seçildiyi kimi, eyni zamanda, diplomatik sinxronluq və yumşaq güc mənbəyi olması ilə də seçilir. "İbrahim Sazişləri" kimi qlobal təşəbbüslərə mümkün inteqrasiya Azərbaycanın həm Batı, həm Yaxın Doğu, həm də Türküstan (Orta Asiya) ilə paralel və təsirli tərəfdaşlıq siyasətini göstərir. Əgər bir vaxtlar Güney Qafqaz dünyadan təcrid olunan sərhəd mübahisələri bölgəsi kimi görünürdüsə, bu gün Dəmir Yumruğun yaratmış olduğu gerçəkliklər fonunda yeni geosiyasi qovşağa - təhlükəsizlik, əməkdaşlıq və güvən bölgəsinə çevrilməkdədir.
"İbrahim Sazişləri" - bölgənin imtahanı sayanlar bəlkə də doğru hesab edir. Azərbaycanın bu imtahanda iştirak etməsi isə tarixdə qalan cavab olacaq.
Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31