Aşqabaddan Şuşaya: qardaşlığın yeni yolu- ÖZƏL
17 İyul 17:30 Siyasət"Türkmənistan Xalq Məsləhətinin Sədri, qardaş ölkənin keçmiş Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə birgə Qarabağa - Şuşa və Füzuliyə səfəri olduqca önəmli hadisədir. Bu səfər sadəcə bir ziyarət deyil, əlbəttə - tarixi bir dönüş, strateji işarə, simvollaşmış qardaşlıq manifestidir."
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib:
"Öncələr, işğaldan azad olunmuş torpaqlara Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Belarus, hətta Tatarıstan, KKTC rəhbərlərinin səfərləri olub, amma nəinki rəsmi səfərlə, müxtəlif beynəlxalq platformalarda - istər Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-formal Zirvə görüşündə, istərsə də İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə toplantısında Türkmənistan yüksək rəhbərliyinin işgüzar səfərdə bulunmaması müəyyən suallar doğururdu.
Bu baxımdan hazırkı səfər həmin suallara axtarılan aydın və birmənalı cavabın müəyyənləşməsi sayıla bilər. Qardaş Türkmənistan bu addımı ilə açıq şəkildə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və Qarabağın qurtuluşu - həm də türkmənlərin uğurudur. Doğrusu, bu, həm də bölgədə yaranmış yeni geosiyasi gerçəkliyi qəbul etmək, ona sayğıyla yanaşmaq və o gerçəkliklə həmrəylik nümayiş etdirmək deməkdir.
Bizi Türkmənistanla təkcə dil, din, qan və mədəniyyət deyil, həm də dərin tarixi yaddaş, yüksək mənəvi məsuliyyət və ortaq gələcək birləşdirir. Hər iki dövlət oğuzların varisi, Xəzər dənizinin iki qıyısında eyni göyüzünün altında yol yoldaşıdır. Bəli, Azərbaycan və Türkmənistan təkcə Xəzər hövzəsində yox, həm də zəngin türk mirasında ortaq sərvətə sahib olan iki böyük mədəniyyət daşıyıcısıdır.Bu səfər eyni zamanda digər dostlara və dost ola bilməyənlərə də bir çağırışdır. Qarabağa gələnlər həm Azərbaycanın yanında olduqlarını, həm də öz millətlərinin şərəfini qoruduqlarını nümayiş etdirir. Gəlməyənlər də gələr inşallah...
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ilə birgə baş tutan bu səfər, Azərbaycan diplomatiyasının artan nüfuzunun, bölgədə yaratdığı yeni siyasi-mənəvi cazibənin göstəricisidir. Şuşa, ümumən Qarabağ artıq təkcə Azərbaycanın deyil - Türk dünyasının da mənəvi paytaxtlarından birinə çevrilməkdədir.
Qardaş Türkmənistanın bayrağı daim ucalarda dalğalansın!
Qoy Şuşaya gələn yol - qardaşlığın ulu yolu olsun!
SƏİDƏ RAMAZANOVA