Tərəfdaşlıq illüziyası: İran indi nə etməlidir? - ÖZƏL

" İran ətrafında söz-söhbətlər kəsilmir və İran dövlətinin idarə edilməsi, eləcə də geosiyasi amillər ətrafında bir sıra müzakirələr aparılır. Xüsusilə İran ilə Rusiya arasındakı bağlılıq və 2025-ci ilin əvvəlində imzalanan strateji tərəfdaşlıq sənədinin maddələrinin işlək olmaması yeni bir vəziyyət yaradıb.
Çünki Rusiya ilə İran arasında imzalanan sənəddə göstərilir ki, əgər İrana qarşı təcavüz olarsa, Rusiya bu və ya digər formada dəstək göstərəcək. Amma İran-İsrail müharibəsi bu öhdəliyin reallıqda işləmədiyini ortaya qoydu". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki,  İran anladı ki, Rusiyaya etibar etmək heç də çıxış yolu deyil:

"Rusiya Ukrayna müharibəsi kontekstində İranın ona göstərdiyi dəstəyi rəsmi Tehran tam olaraq qarşılıqlı şəkildə ala bilmədi. Eyni zamanda, Rusiya mərkəzli avrasiyaçılıq ideologiyasının geosiyasi strategiyası da iflasa uğrayır. Yəni  "Rus sivilizasiyası", "Rus dili" əsasında Rusiyanın imperiya maraqlarının tətbiq olunması siyasəti uğursuzluğa düçar oldu. Bu ideologiyaya inananların sayı təkcə Rusiyanın özündə deyil, digər coğrafiyalarda da azalır və ya tamamilə yoxa çıxır.
Belə olan halda İran dövlətinin başı üzərində "qara buludlar" dolaşır. Xüsusilə hazırkı hökumət üçün bu vəziyyət ciddi təzyiqlər yaradır. İranda fəaliyyət göstərən mühafizəkar qruplar və dəstələr də dünyada və regionda baş verən proseslərdən narahatdırlar. İranın Suriyada mövqeyini itirməsi, maraqlarına böyük zərbə dəyməsi, Azərbaycanın torpaqlarını azad etməsi, Türkiyənin artan gücü və terrorla mübarizədə əldə etdiyi uğurlar İranı yenidən düşünməyə məcbur edir.
Bütün bunlar İranın Yaxın Şərq bölgəsində geosiyasi təsir imkanlarını itirməsinə səbəb olur. Bu isə birbaşa ölkə daxilində ictimai və siyasi narazılıqların artmasına, vətəndaşların dövlətə olan inamının sarsılmasına gətirib çıxarır. Nəticə etibarilə, tez-tez səsləndiyi kimi, bu vəziyyət İranda hazırkı rejimi laxladır və onun ömrünü qısaldır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31