Hindistanda ildırım faciəsi - 33 ölü, çox sayda yaralı var

Hindistanın şərqində yerləşən Bihar əyalətində bu həftə musson fırtınaları zamanı baş verən ildırım çaxmaları nəticəsində azı 33 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Olaylar.az xəbər verir ki, məlumatı əyalətin Fəlakətlərin İdarə Edilməsi Departamenti yayıb.

Hadisələr əsasən çərşənbə və cümə axşamı günləri qeydə alınıb. Qurbanların əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan fermerlər və açıq sahələrdə işləyən fəhlələrdir. Rəsmilər bildirirlər ki, fırtınanın yaratdığı şimşəklər ani və dağıdıcı olub.

Bihar əyalətinin fəlakətlərin idarə olunması naziri Vijay Kumar Mandal bildirib ki, təhlükəli bölgələrdəki məmurlar əhaliyə ildırım riski ilə bağlı maarifləndirmə tədbirləri görməyə çağırılıb. Ştat rəhbərliyi həmçinin ildırım nəticəsində ölənlərin ailələrinə 4 milyon rupi (təxminən 4600 ABŞ dolları) təzminat veriləcəyini açıqlayıb.

Rəsmi statistikalara əsasən, təkcə 2024-cü ildə 243 nəfər, bir il əvvəl isə 275 nəfər ildırım səbəbindən həyatını itirib. Bu da ildırım çaxmasının Hindistanda artmaqda olan təbii fəlakətlərdən biri olduğunu göstərir.

Hazırda bölgədə yağış və ildırım təhlükəsinin davam edəcəyi barədə xəbərdarlıq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31