Zəngəzur dəhlizində geosiyasi rəqabət: Regionun təhlükəsizliyi necə təsirlənəcək? - ÖZƏL
16:38 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Zəngəzur dəhlizinin autsorsinqi ilə təkcə ABŞ yox, Aİ və Çin də maraqlanır. Bu, Çinin ilk dəfə rəsmi şəkildə dəhlizin idarəsinə maraq göstərməsidir. Halbuki əvvəllər dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdu. ABŞ-nin da yaxın günlərdə bu dəhlizin idarəsini üzərinə götürmək istədiyi bildirilmişdi. Beləliklə, Zəngəzur dəhlizi geosiyasi maraqların kəsişmə nöqtəsinə çevrilib.
Zəngəzur dəhlizi uğrunda ABŞ, Çin və Rusiyanın maraqlar toqquşması regionun təhlükəsizliyinə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib:
"Nikol Paşinyan mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı suallara cavab verdi və bildirdi ki, Zvartnos hava limanının və su təchizatının təmin olunması üçün autsorsinqdən istifadə olunur. O, həmçinin qeyd etdi ki, Ermənistanın ərazi bütövlüyünə və milli təhlükəsizliyinə heç bir təhdid yoxdur. Yəni bu çıxışdan sonra da aydın olur ki, Paşinyanın bu bəyanatından bir neçə gün əvvəl ABŞ-nin Türkiyədəki səfiri Barak bildirmişdi ki, ABŞ şirkətləri həmin dəhlizi 100 il müddətə icarəyə götürə bilər. Bu da göstərir ki, artıq bu məsələlərlə bağlı müəyyən danışıqlar aparılıb. Danışıqların hansı səviyyədə getdiyi məlum olmasa da, hələlik heç bir razılıq əldə olunmayıb.
Eyni zamanda Paşinyan bildirdi ki, Aİ də bu məsələdə maraqlıdır. Mən hesab edirəm ki, həmin dəhlizin icarəyə götürülməsi məsələsində yalnız Aİ yox, Fransa da çox maraqlıdır. Artıq üçüncü ildir ki, Aİ-nin mülki missiyası orada fəaliyyət göstərir və görünür, həmin dəhlizdə hansısa bir struktur yaratmaq barədə düşünürlər.
Ancaq ilk dəfədir ki, Çinin Zəngəzur dəhlizinə maraq göstərməsi səsləndirilir. Bu fakt, təbii ki, Orta Asiyanın, Avropanın və eyni zamanda Rusiyanın bəzi mallarının Çin istiqamətinə daşınması baxımından önəmlidir. Mən düşünürəm ki, Çin də bu səbəbdən bu dəhlizə maraq göstərir. Üstəlik, Çin artıq İranla ciddi əlaqələr qurur. İranın Rusiyadan uzaqlaşdığı bir vaxtda, Çin ona böyük dəstək verir.
Eyni zamanda Çin Orta Asiya ölkələrinə, xüsusilə Qazaxıstana böyük investisiyalar yatırır və burada Rusiyanı qabaqlamağa çalışır. Bu baxımdan Zəngəzur dəhlizinə həm ABŞ, həm Avropa İttifaqı, həm də Çinin maraq göstərir. . Amma xatırlatmaq lazımdır ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda həmin yolun Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunacağı nəzərdə tutulmuşdu.
Lakin sonradan Ermənistan bu razılaşmanı rədd etdi və Paşinyan həmin yolun təhlükəsizliyini təmin etmək üçün Ermənistan Təhlükəsizlik Xidmətinin nəzdində yeni bir idarə yaratdı. Ancaq bu idarə də hələlik fəaliyyət göstərmir, çünki dəhliz açılmayıb.
Mən düşünürəm ki, Ermənistan artıq başa düşür: əgər Rusiyanın bu yola nəzarət etməsi davam etsə, bu, bölgədə gərginlik yaradacaq. Hətta əgər ABŞ oraya nəzarət etsə belə, bu da problemlər doğuracaq. Çünki həm Rusiya, həm İran, həm də Azərbaycan və Türkiyə bundan narazı qalacaq.
Ən yaxşı yol odur ki, əgər biz doğrudan da dayanıqlı sülh istəyiriksə, bu dəhlizə Azərbaycan, Türkiyə və Ermənistan birgə nəzarət etsin. Bu zaman orada heç bir insident yaranmaz. Məsələn, azərbaycanlıların Azərbaycana gedib-gəlməsində, yaxud da Paşinyanın dediyi kimi, Ermənistandan Azərbaycana, oradan da Ermənistana keçiddə problem olmaz.
Qarşılıqlı etimad üzərində qurulmuş belə bir birgə struktur yaranmalıdır və dəhlizi bu qurum idarə etməlidir. Əks halda, istər ABŞ, istər Avropa İttifaqı, istərsə də Çin bu dəhlizdə iştirak etsə, bu nə Ermənistana, nə Azərbaycana, nə də Türkiyəyə xeyir verəcək. Əksinə, bu bölgə gələcəkdə böyük bir münaqişə mərkəzinə çevrilə bilər və regionun təhlükəsizliyinə təhdid yaradacaq.
Bu baxımdan, artıq Cənubi Qafqazda öz sözünü deyən, mövqeyi olan Türkiyədir. Türkiyə inkişaf etmiş ölkədir, NATO üzvüdür və bu gün artıq Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi gedir. Bu proses də dönməz xarakter alıb, çünki Ermənistan anlayır ki, Rusiya onun ayağında bir buxov olub və ondan qurtulmağa çalışır.
Mən düşünürəm ki, yaxın günlərdə Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə bəyanat verəcək və Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi beynəlxalq müstəviyə daşınacaq.
Oxucular da bilir ki, Rusiyanın hərbi qüvvələri təkcə Ermənistanda qalıb. Nə Gürcüstanda, nə də Azərbaycanda onlar artıq mövcud deyil. Gürcüstan da bu baxımdan Azərbaycanla eyni mövqedədir və Türkiyəni dəstəkləyir. Türkiyə ilə böyük iqtisadi, siyasi və diplomatik əlaqələr qurub.
Buna görə də Ermənistan artıq anlayır ki, onun gələcəyi məhz Türkiyə və Azərbaycanla əməkdaşlıqda, xoş qonşuluq münasibətlərinin qurulmasındadır.
Bu səbəbdən hesab edirəm ki, Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək üçün Türkiyə, Ermənistan və Azərbaycan birlikdə bir müəssisə yaratmalı və bu yola birgə nəzarət etməlidirlər.
Əks halda, digər ölkələrin iştirakı bölgədə gərginlik yaradacaq və dəhlizin təhlükəsizliyi tam şəkildə təmin olunmayacaq".
Zeynəb Mustafazadə