Azərbaycanın MDB İqtisadi Şurasının iclasına qatılmaqdan imtina etməsi tam əsaslı və haqlı qərardır - ÖZƏL
17:08 Siyasət"Azərbaycanın MDB-nin İqtisadi Şurasının Moskvadakı iclasında iştirakdan imtina etməsi simvolik və siyasi baxımdan əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir. Zənnimcə, bu qərar ilk növbədə Azərbaycan-Rusiya münasibətlərində yaranmış mövcud vəziyyəti əks etdirir. Qeyd olunan tədbirdə iştirak etməmək həm diplomatik narazılığın ifadəsidir, həm də Moskvanın son davranışlarına qarşı açıq siyasi mesajdır."
Bu fikirləri siyasi şərhçi Polad Mehdiyev Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan və Rusiya qonşu ölkələrdir, ortaq tarixə malikdirlər. İki ölkə arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Azərbaycan hər zaman iki suveren və müstəqil dövlət kimi bərabərhüquqlu münasibətlərə sadiq olub.
Bu gün Azərbaycan öz milli maraqlarına uyğun qərarlar verən, qlobal və regional güclərlə balanslı siyasət yürüdən aktora çevrilib. Rəsmi Moskva bunu qəbul etməli və Azərbaycanın müstəqil, suveren siyasətinə hörmətlə yanaşmalıdır.
Məlumdur ki, AZAL-a məxsus mülki təyyarə Rusiya ərazisində vurulub və nəticədə 38 nəfər şəhid olub. Təəssüf ki, Rusiya tərəfi bu hadisəyə görə məsuliyyəti tam şəkildə üzərinə götürməyib və hadisə ilə bağlı üzərinə düşən konkret addımları atmayıb.
Eyni zamanda Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlı olan şəxslərə qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri törədilib. Bu hadisələr, təbii ki, Azərbaycanın haqlı etirazına səbəb olub.
Bu baxımdan Azərbaycanın MDB İqtisadi Şurasının iclasına qatılmaqdan imtina etməsi tam əsaslı və haqlı qərardır.
Azərbaycan bu addımı ilə göstərir ki, Rusiya qarşısında passiv mövqe tutmur. Və hesab edirəm ki, əgər Rusiya ilə münasibətlərdə balans pozularsa, Azərbaycan buna dözməyəcək."
İbrahim Məmmədli