“Heydər Əliyev tənəzzüldən tərəqqiyə gedən yolun lideri idi” – Bəhruz Quliyev – ÖZƏL
15:02 Siyasət"10 may - Azərbaycan xalqının Ümummilli Lideri, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günüdür. Bu tarixi gün, hər il təkcə anım və ehtiram mərasimi kimi deyil, eyni zamanda Azərbaycanın müstəqillik yolunda atdığı əzəmətli addımların xatırlanması baxımından da mühüm simvolik məna daşıyır. Heydər Əliyev şəxsiyyəti ilə bağlı danışarkən ilk növbədə onun müdrik dövlətçilik fəlsəfəsini, qətiyyətli siyasi iradəsini və tarixi məsuliyyəti çiyinlərinə götürərək Azərbaycanı xaosdan sabitliyə, parçalanmadan birliyə, tənəzzüldən tərəqqiyə aparan lider olduğunu qeyd etməliyik. O, təkcə bir dövrün lideri deyil, bütöv bir siyasi məktəbin, azərbaycançılıq ideologiyasının banisidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. O qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasi kurs nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt müasir dövlət idarəçiliyinin əsas sütununu təşkil edir:
"Əgər 1990-cı illərdə dövlətçiliyimizin məhv olmaq təhlükəsi qarşısında qaldığı bir vaxtda Heydər Əliyev qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirdisə, bu gün onun kursunun davamı olaraq Azərbaycanın beynəlxalq müstəvidə söz sahibi olması, enerji və nəqliyyat layihələrinin mərkəzində durması, Qalib ölkə statusu qazanması reallığa çevrilib.
Xüsusilə 2020-ci il Vətən müharibəsində qazanılan zəfər Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" kəlamının necə böyük milli ruhun daşıyıcısı olduğunu bir daha göstərdi. Onun təməlini qoyduğu ordu quruculuğu, milli həmrəylik, diplomatik balans siyasəti bu gün hərbi, siyasi və iqtisadi uğurlarımızın bazasını təşkil edir. Eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi - Qoşulmama Hərəkatında sədrliyi, BMT platformasındakı fəallığı, Avropa və Asiya arasında körpü funksiyası da məhz həmin uzaqgörən siyasətin nəticəsidir.
Heydər Əliyev deyirdi: "Müstəqillik bizim ən böyük sərvətimizdir."
Bu gün biz həmin sərvəti qoruyur, inkişaf etdirir və yeni nəsillərə ötürürük. Onun siyasi irsi, dövlətçilik fəlsəfəsi və ideoloji platforması Azərbaycan xalqının milli kimliyində yaşayır və yaşamağa davam edəcək".
Səidə Ramazanova