Hindistan-Pakistan arasında gərginlik artır: Nüvə qarşıdurması riski gündəmdədir– ÖZƏL

"Pakistan və Hindistan arasında gərginlik gündən-günə artır. Sərhəd bölgələrində tərəflər arasında ciddi toqquşmalar baş verir. Son günlər Hindistan tərəfindən Pakistana qarşı hava hücumları təşkil olunub. Məlumata görə, Pakistan Hava Hücumundan Müdafiə Sistemləri azı beş Hindistan qırıcısını məhv etməyə müvəffəq olub".

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Hazırda da hava hücumları və dron zərbələri davam edir. Bildirilir ki, Hindistan müxtəlif bölgələrə dronlarla hücumlar həyata keçirir. Eyni zamanda, Pakistandan Hindistanın Amritsar hava limanına dron hücumu edildiyi barədə xəbərlər yayılıb. Bütün bu hallar iki ölkə arasındakı gərginliyin artmaqda davam etdiyini göstərir.

Hazırda beynəlxalq ictimaiyyətin diqqəti Pakistanın verəcəyi cavab üzərində cəmlənib. Pakistanın Baş naziri Şahbaz Şərif  Milli Təhlükəsizlik Şurasını toplayıb. Hindistanın hücumlarının davam etməsi daha ciddi eskalasiyaya gətirib çıxara bilər. Bu isə regionla yanaşı, bütün dünya üçün təhlükə yaradır. Çünki hər iki ölkənin nüvə silahları mövcuddur.

Xatırladaq ki, 1998-ci ildə həm Hindistan, həm də Pakistan nüvə silahlarını sınaqdan keçirmişdi. Bundan az sonra, 1999-cu ildə Kargil müharibəsi baş vermiş və ABŞ-ın o zamankı prezidenti Bill Klintonun müdaxiləsi ilə qarşıdurma dayandırılmışdı. Klinton Hindistan və Pakistana eskalasiyanın qarşısını almaq üçün təcili danışıqlar çağırışı etmişdi.

Hazırkı vəziyyətdə isə dünyanın bir çox bölgəsində - Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki silahlı qarşıdurmalar fonunda - beynəlxalq ictimaiyyətin bu münaqişəyə əvvəlki qədər effektiv reaksiya verməsi sual altındadır.

Bu gərginliyin ya indiki mərhələdə diplomatik yollarla həlli təmin olunmalıdır, ya da proses daha genişmiqyaslı qarşıdurmaya çevrilə bilər. Hazırda tərəflər bir-birinə düşmən gözü ilə baxdığı üçün danışıqlarda üçüncü tərəfin iştirakı mühüm rol oynaya bilər.

Bu üçüncü tərəfin kim olacağı isə sual altında qalır - Çin, Rusiya, yoxsa ABŞ?"
 

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31