İstənilən nəqliyyat marşrutunun Azərbaycan ərazisindən keçməsi bizim xeyrimizədir- İlyas Hüseynov- ÖZƏL

İran TRACECA çərçivəsində Azərbaycan və Gürcüstanla tranzit dəhlizi yaratmağı təklif edib.
Bu barədə İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe məlumat verib. Bildirilib ki, ideya nazir Fərzanə Sadiqin Bakıya səfəri zamanı irəli sürülüb və müsbət qarşılanıb. 

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi qeyd edib ki, istənilən nəqliyyat marşrutunun Azərbaycan ərazisindən keçməsi bizim xeyrimizədir:

"İran Prezidenti Məsud Pezeşkianın  Azərbaycana səfəri çox məhsuldar oldu və bu səfər çərçivəsində bir sıra vacib hadisələr baş verdi. Mühüm vəzifə daşıyan şəxslər Bakıda oldular və onlar arasında Yol və Şəhərsalma Naziri Fərzana Sadiqin də bir sıra təklifləri oldu.
Çünki İran infrastruktur, nəqliyyat və kommunikasiya müstəvisində bir sıra layihələr irəli sürür. Əvvəlki dövrlərdə nəzərdə tutulan Fars körfəzi-Şimal dənizləri nəqliyyat axınının İran, Ermənistan, Gürcüstan vasitəsilə icrası nəzərdən keçirilirdisə, hazırda İran-Azərbaycan-Gürcüstan marşrutu təklifləri irəli sürülmüşdür. Hesab edirəm ki, bu,  Azərbaycanın maraqlarına xidmət edir.
Çünki ilbəil artan Şimal-Cənub nəqliyyat marşrutunda Azərbaycan tranzit gəlirlər əldə edə bilər. Bu, ölkəmizin iqtisadi rifahına və daha da güclənməsinə, mühüm geosiyasi faktor kimi inkişafına xidmət edəcəkdir. Bunu, əlbəttə ki, Zəngəzur dəhlizi ilə rəqabətə yönəlmiş bir təşəbbüs kimi də qiymətləndirmək olar. Amma məsələnin incəliklərini  və detallarını bilmədən demək olar ki, istənilən nəqliyyat marşrutunun Azərbaycan ərazisindən keçməsi bizim xeyrimizədir. Bu, sülhü, təhlükəsizliyi, sabitliyi, qardaşlığı, həmrəyliyi və dostluğu daha da gücləndirir və dövlətləri rəqabət və mübarizə müstəvisindən bir qədər də uzaqlaşdırır. Bu məsələnin iqtisadi tərəflərini, əlbəttə ki, Azərbaycan məsul şəxsləri kifayət qədər ölçüb-biçdikdən sonra önəmli qərarlar qəbul edəcəklər. Amma istənilən halda müxtəlif marşrutların təklifi Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı tələbindən və inadından döndərə bilməz və bu, kifayət qədər birmənalı şəkildə qeyd edilib".
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31