Azərbaycan və Vyetnam iqtisadi açılımın böyük coğrafiyaya yayılmasında maraqlıdır– ÖZƏL
14:05 Siyasət"Vyetnamla Azərbaycan arasında imzalanan sənədlər və bütövlükdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərin gələcək inkişafı üçün olduqca vacibdir. Beynəlxalq münasibətlərin mövcud durumunda bu səfər hər iki ölkə qədər, iki böyük region üçün mühüm əhəmiyyət kəsb edir. Verilən bəyanatlar səfərin nəticəyönümlü və konkret layihələrlə müşaiyət olunacağından xəbər verir. Bunu deməyə əsas verən amil isə Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi üzərində dayanılmasıdır".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bu xüsusda Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat münasibətlərin bazisində dayanacaq. Cənab Prezident İlham Əliyev mövcud sənədi mətbuata bəyanat zamanı "çox ciddi siyasi sənəd" kimi xarakterizə etdi. Məsələ ondan ibarətdir münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı iradə mövcuddur. Bu qarşılıqlı iradənin dayanıqlı əsasda tutulmasına çalışılmalıdır. Münasibətləri daha möhkəm və istənilən periodda bir amildən asılı qalmadan inkişafda saxlamaq üçün qeyri-neft sektoru üzrə yeni sahələrə müraciət olunacaq. "Gücləndirilmiş təhsil əməkdaşlığı vasitəsilə gənc nəslin inkişafı ikitərəfli səylərimizin əsas sütunu olmalıdır" fikri də, Dostluq Cəmiyyəti yaradılsın ideyası da buna xidmət edir.
Həmçinin, bərpaolunan enerji üzrə qarşılıqlı investisiya məsələsi münasibətlərin inkişaf dinamikasını daim nəzarətdə saxlamaq üçün narahatlıq deyil, stabillik və stabil artım gətirəcək. Vyetnamla münasibətlərə dayanıqlılıq gətirən bir digər mühüm amil də hakim partiyalar arasında olan sıx dialoqdur. Siyasi və ideoloji baxımdan təkcə iki dövlətin, onların dövlət strukturlarının deyil, cəmiyyətlərin fundamental baxışlarının haçalanmaması baxımından bu təmas son dərəcə vacibdir. Onu da nəzərə alsaq ki, Vyetnam Azərbaycana BMT Təhlükəsizlik Şurasında ciddi dəstək göstərmişdir, deməli, reallıqların sadəcə qəbul olunması deyil, qəbul etdirilməsində tək hədəfə doğru addımlamağı bacarırıq. Baxışların eyni nöqtədə cəmlənməsi beynəlxalq gündəliklə bağlı da eynidir. Ötən tarixi hadisələr və siyasi təcrübə sübut edir ki, bu amil üzrə əsas meyar məsafə yox, baxış bucağı, siyasi istək və iradədir. Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin marağındadır. Həm Azərbaycan, həm Vyetnam iqtisadi açılımın böyük coğrafiyaya yayılmasında maraqlıdır və bu məsələdə siyasi iradə nümayiş etdirilir".
Zeynəb Rzayeva