“Əliyevin Moskvadakı parada qatılmaması Moskva ilə münasibətlərə siyasi mesajdır” – Aytən Qurbanova – ÖZƏL

Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək. Bu qərara təsir edən səbəblər arasında AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiya tərəfindən istintaqın aparılmaması, Azərbaycan mediasına qarşı Rusiyadan yönələn kiberhücumlara cavab verilməməsi və deputat Azər Badamovun Moskvada saxlanılıb deportasiya edilməsi göstərilir. Bu hadisələrlə bağlı Rusiya tərəfi hələ də rəsmi açıqlama verməyib.

Maraqlıdır, Prezident İlham Əliyevin Moskvadakı Qələbə paradına qatılmaması Azərbaycan-Rusiya münasibətlərində hansı siyasi siqnal kimi dəyərləndirilə bilər? Rusiya tərəfindən son hadisələrlə bağlı münasibət bildirilməməsi iki ölkə arasında qarşılıqlı inama necə təsir göstərə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Aytən Qurbanova Olaylar.az-a danışıb. Şərhçinin sözlərinə görə, Prezident İlham Əliyevin 9 May Qələbə paradında iştirak etməməsi, Azərbaycanın Rusiya ilə münasibətlərdəki narazılığını və gərginliyi diplomatik yolla ifadə edən siyasi mesajdır:

"Təbii ki, Prezident İlham Əliyevin 9 May Qələbə paradında iştirak etməməsi son yaşanan hadisələrin nəticəsi olaraq Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyi və narazılığı ifadə edən önəmli siyasi mesajdır. Belə ki, Azərbaycan ən yüksək səviyyədə Rusiyaya münasibətdə açıq mövqe nümayiş etdirərək haqlı narazılığını diplomatik vasitələrlə ifadə edir. İlk olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycan bütün dövlətlərlə münasibətlərində suverenlik və təhlükəsizliklə bağlı məsələlərə xüsusi önəm verir və bu istiqamətdə hər hansı mənfi addım adekvat şəkildə cavablandırılır. Çünki ikitərəfli münasibətlərdə qarşılıqlı etimadı formalaşdıran əsas məqamlar məhz bu prinsiplərə hörmətin ifadəsində mümkün ola bilər. Ona görə də, Rusiya tərəfinin təyyarəmizin vurulması ilə bağlı istintaqın aparılmamasına şərait yaradan mövqeyi, eləcə də kiberhücumlar və millət vəkili Azər Badamovun deportasiya edilməsi Azərbaycanın Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirtməsinə və bu istiqamətdə açıq mövqe nümayiş etdirməsinə səbəb olan məqamlardır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31