Sahil Kərimli: Hindistanın siyasəti regionda nüvə təhdidi yaradır – ÖZƏL
8 May 12:54 Siyasət"Hindistanla Pakistan arasında baş verən hərbi gərginlik və toqquşmalar, təbii ki, çox ciddi narahatlıq və təəssüf doğurur. Bu məsələ də xüsusilə vurğulanmalıdır ki, baş verənlərin məsuliyyəti birbaşa Hindistanın üzərindədir. Hətta ABŞ Prezidenti Donald Tramp və bir çox beynəlxalq təşkilatlar da bu məsələdə ədalətli mövqe ortaya qoyaraq, vəziyyətin bu həddə çatmasında Hindistanın günahkar olduğunu bildiriblər".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib. O qeyd edib ki, Hindistanın heç bir araşdırma aparmadan terror aktlarını Pakistana yönəltməsi və məsuliyyətsiz davranışları, nüvə silahına malik iki ölkə arasında daha böyük faciələrə yol aça biləcək ciddi qlobal təhlükə yaradır:
"Hindistan bəzi məsələləri bəhanə edərək, heç bir ciddi araşdırma aparmadan, müəyyən terror aktlarını Pakistanın üzərinə atmaqla bu cür hərbi gərginliyin yaranmasına səbəb olub. Bu isə, təbii ki, dünya və beynəlxalq aləmdə sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Məlum olduğu kimi, həm Hindistan, həm də Pakistan nüvə silahına malik ölkələrdir. Bu reallıq fonunda Hindistanın məsuliyyətsiz davranışları gələcəkdə daha böyük faciələrə yol aça bilər".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq və regional sabitlik prinsiplərinə uyğun olaraq tərəfləri təmkinə və atəşkəsə çağırdığı halda, Hindistanın qərəzli siyasəti və xüsusilə Ermənistanı silahlandırmaq kimi addımları onu qlobal təhlükəyə çevirərək gələcəkdə siyasi-diplomatik məğlubiyyətə sürükləyə bilər.
"Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Artıq bir neçə gün əvvəl və bu gün də daxil olmaqla, ikinci dəfə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Bakının mövqeyini bəyan edib. Azərbaycan tərəfləri təmkinli olmağa, atəşkəsə əməl etməyə və həssas davranmağa çağırıb. Hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycanın çağırışı onun beynəlxalq hüquqa və regional sabitliyə verdiyi önəmin göstəricisidir. Bu gün Hindistan təkcə Pakistan üçün deyil, bütün dünya üçün təhlükə yaradan ölkəyə çevrilib. Onun riyakar və qərəzli siyasəti, xüsusilə də son dövrlərdə Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar, Hindistanın mahiyyət etibarilə münaqişə və qarşıdurma yaratmağa, dünyada sülhə və təhlükəsizliyə zərbə vurmağa yönəlmiş siyasət yürütdüyünü göstərir. Bu isə, təbii ki, uzunmüddətli perspektivdə Hindistanın siyasi və diplomatik məğlubiyyətinə səbəb olacaqdır".
Siyasi şərhçi əlavə edib ki, Pakistanın Hindistana cavab olaraq endirdiyi zərbələr və Hindistan tərəfinin geri çəkilərək, demək olar ki, "ağ bayraq" qaldırması, həm hərbi texnika, həm də insan itkisi baxımından ciddi nəticələr doğurub. Bu da göstərir ki, Hindistan layiqli cavabını alır və ehtimal ki, gələcəkdə də alacaqdır.
Səidə Ramazanova